Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib YENİLƏNİB-3 VİDEO

Laçın, 28 may, AZƏRTAC

Mayın 28-də Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif konsertdə iştirak ediblər.

Əvvəlcə Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı
 

-Hörmətli Türkiyə Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli Pakistanın Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərif.

Hörmətli qonaqlar, əziz laçınlılar.

İlk növbədə, bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu bayram günündə bizimlə bərabər olan Türkiyə və Pakistan liderlərinə və onlarla bərabər Azərbaycana gəlmiş qonaqlara “Xoş gəlmisiniz!” deyirəm.

Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

Xüsusilə bu bölgədə, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq.

Bu gün bizim üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar bizi bir-birimizə daha da yaxın edəcək.

107 il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki il sonra - 1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır. Ancaq xalqımızın iradəsi və qardaş xalqların dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı və iradəmizi gücləndirirdi.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir. Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürülmüşdür. Müstəqillik elan olunandan yeddi ay sonra isə Laçın erməni işğalına məruz qalmışdır. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdur. Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirilmişdir. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın-köçkün həyatına başlamışdır.

Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb. Biz güc toplayırdıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırdıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır. Biz, eyni zamanda, güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq. Güclü siyasi iradə, güclü iqtisadiyyat və güclü ordu faktorları bizi Qələbəyə aparan amillərdir.

Bununla bərabər, biz vətənpərvərlik ruhunda, xalqa, torpağa bağlı yeni gənc nəsli yetişdirərək Qələbəmizi şərtləndirdik. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı biz hər gün irəli gedirdik. Bir gün belə geri addım atmamışdıq. Döyüş meydanında 300-dən çox şəhər və kəndimizi erməni işğalçılarından azad etmişdik. O cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri döyüş meydanında işğalçılardan azad edildi. 2020-ci il noyabrın 8-də Şuşa Zəfərimizdən sonra Ermənistan ordusunda təslimçilik meyilləri daha da artdı və ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını, təslim aktını imzalamağa məcbur oldu. Məhz bunun nəticəsində bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğalçılardan azad edilmişdir. Bu şanlı tariximiz bölgəmizdəki geosiyasi vəziyyəti dəyişdirdi, yeni reallıqlar yaratdı və hər bir ölkə bu reallıqlarla barışmalı oldu. Bizim 2023-cü ildə birgünlük antiterror əməliyyatı isə dövlət suverenliyimizi tam bərpa etdi və Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi.

İndi isə azad edilmiş bütün torpaqlarda bərpa işləri, quruculuq işləri gedir. Böyük infrastruktur layihələri icra edilir - xəstəxanalar, məktəblər, üç hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb, 70 kilometrə yaxın tunelin inşası sürətlə gedir. Bu gün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz qayıtmalıydıq və qayıtmışıq. Biz Ermənistan ordusunu məğlub etmişik və bununla Azərbaycan xalqı fəxr edir. Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq. Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.

Mən bir daha Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana, Pakistanın Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərifə və onlarla bərabər gəlmiş bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm. Laçınlıları ürəkdən salamlayıram. Allah səmamızı, yolumuzu həmişə açıq eləsin. Qələbə bizimlədir və bizimlə olacaq.

Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!

x x x

Sonra Türkiyə Prezidenti çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın
çıxışı
 

-Əziz qardaşım, Prezident cənab İlham Əliyev.

Əziz dostum, Pakistanın Baş naziri cənab Şahbaz Şərif.

Hörmətli hökumət üzvləri, dəyərli incəsənət xadimləri, xanımlar və cənablar.

Sizləri ən səmimi duyğularımla, hörmətlə, məhəbbətlə salamlayıram. Buradan Bakıdan Gəncəyə, Şuşadan Naxçıvana olmaqla, Azərbaycanın hər bir guşəsindəki qardaşlarıma sevgilərimi və ehtiramımı göndərirəm.

Əvvəlcə, sizlərə “Can Azərbaycan”, “Bir millət, iki dövlət” deyiləndə qəlbində fırtınalar qopan 86 milyonun salamını çatdırmaq istəyirəm. İndi buradakı tabloda üç dövlət, bir millət var.

Can Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə ortaq mədəniyyətimizi və qardaşlığımızı vurğuladığımız bu mənalı görüşdə sizinlə birlikdə olmaqdan böyük məmnunluq duyuram. Müstəqilliyin necə qazanıldığını, nə qədər qiymətli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq Müstəqillik Gününüzü səmimi-qəlbdən təbrik edirəm.

İstiqlal və gələcək uğrunda apardığımız şanlı mübarizələri şəhadətləri ilə taclandıran qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm. Rəbbim əziz şəhidlərimizin ruhlarını şad, məkanlarını cənnət eləsin!

Bu unudulmaz gündə Azərbaycanın dahi şairi Səməd Vurğunun möhtəşəm misralarını bir daha xatırlayırıq:

 

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma Vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana,

Hankı səmtə, hankı yana

Hey uçsam da, yuvam sənsən,

Elim, günüm, obam sənsən.

 
Bəli, obamız, yuvamız və göz bəbəyimiz Azərbaycan ilə aramızdakı məhəbbəti, inşallah, gücləndirərək davam etdirəcəyik. Bu xoş gündə olduğu kimi, Allah göstərməsin, çətin günlərində də Azərbaycan xalqının hər zaman yanında olacağıq. Rəbbimdən Azərbaycan-Türkiyə qardaşlığını əbədi və daimi etməsini diləyirəm.

Əziz qardaşlarım, dəyərli qonaqlar, 1918-ci ildə Azərbaycanda qurulan Cümhuriyyət üsul-idarəsi istiqlalın və azad iradənin rəmzinə çevrildiyi kimi, Qarabağdakı azadlıq Zəfəri də bu gün Azərbaycanı daha güclü və firavan edir. O gün alovlanan istiqlal məşəli bu gün daha parlaq və daha güclü şəkildə Azərbaycanın yolunu işıqlandırır. Qarabağın azadlığı ilə bu torpaqlarda yüksələn hər bir musiqi sədası təkcə bir Zəfərin deyil, bir millətin, necə deyərlər, yenidən dirçəlişinin səsinə çevrildi.

Bir azdan dinləyəcəyimiz musiqilərdə Qarabağın azad torpaqlarının səsi var. Bu nəğmələrdə Şuşanın daşlarında əks-səda verən azadlığın, Laçının vadilərində böyüyən ümidin, Gəncədə və Bakıda canlanan milli iradənin təzahürü var. Səslənən hər bir bəstədə qəhrəman şəhidlərimizin canları və mübarək qanları bahasına əldə olunmuş möhtəşəm Zəfərin ruhu var. Məhz bu gün bu konserti əbədi qardaşlığımızı, ortaq yaddaşımızı, rifah və güclü gələcəyimizi salamlayan bənzərsiz bir görüş kimi qiymətləndiririk.

Xatırlayacaqsınız, daha əvvəl Qarabağın dünyaya açılan qapıları – Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarını İlham qardaşımla birlikdə açmışdıq. Çox xoşbəxtik ki, bu gün də Laçın Beynəlxalq Hava Limanını açmaq yenə bizə nəsib oldu.

Enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə Azərbaycanla güclü əməkdaşlıqlar qururuq. İlham qardaşımın bənzərsiz töhfələri sayəsində münasibətlərimizi hər gün təkcə bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə çatdırırıq.

Sabitlik abidəsi kimi yüksələn Azərbaycanın uğurları ilə hamımız qürur duyuruq. Otuz ildən sonra əsarətdən azad olunan Qarabağ üçün artıq uğur, sülh və inkişaf hekayəsi yazmaq zamanıdır.

Bu gün keçmişdə yaşadığımız ağrılardan dərs alaraq davamlı sülhün bərqərar olmasını, etimadın və mehriban qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq.

Bu fikirlərlə Can Azərbaycan xalqına, səmimi qonaqpərvərliyə görə laçınlı qardaşlarıma və buraya təşrif gətirməklə bizi son dərəcə sevindirən Pakistanın Baş naziri, dəyərli dostum cənab Şahbaz Şərifə təşəkkürlərimi ifadə edirəm.

Sizləri bir daha ən səmimi duyğularımla salamlayır, 28 May - Müstəqillik Günü münasibətilə bir daha təbrik edirəm. Allah yolumuzu və bəxtimizi açıq etsin. Yenidən görüşmək, yenidən qucaqlaşmaq diləyi ilə sizləri Allaha əmanət edirəm. Sağ olun, salamat qalın!

x x x

Daha sonra Pakistanın Baş naziri çıxış etdi.

Baş nazir Məhəmməd Şahbaz Şərifin
çıxışı
 

-Bismillahir-rəhmanir-rəhim.

Əziz qardaşlarım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan.

Hörmətli nazirlər, zati-aliləri, əziz qonaqlar, bizim Laçından olan qardaş və bacılarımız.

Xanımlar və cənablar, salamaleyküm.

Əziz qardaşım İlham Əliyev, nə gözəl haldır ki, bu gün biz Azərbaycanın Müstəqillik Gününü bir yerdə qeyd edirik. Həmçinin bu gün - 1998-ci il mayın 28-də Pakistan nüvə dövlətinə çevrilmişdir. Bu səbəbdən, bu gün bu tədbirdə iştirak etmək mənim üçün çox böyük şərəfdir. Mən səmimi-qəlbdən əziz qardaşım, Prezident İlham Əliyevi və bizim azərbaycanlı bacı və qardaşlarımızı təbrik edirəm. Bu gün burada olmaq mənim üçün çox böyük şərəfdir. Bu gün bu gözəl məkanda, füsunkar dağlıq ərazidə yerləşən Laçın şəhərində olmağımdan çox məmnunam.

Siz böyük liderliyiniz və dinamik baxışınız sayəsində 30 illik işğala son qoymusunuz, bu bölgəni, Qarabağı azad etməyə müvəffəq olmusunuz və bu işdə Sizin Silahlı Qüvvələriniz böyük cəsarət göstərib. Mən buradan şəhidlərin xatirəsini anıram, o şəhidlər ki, bu iş naminə həyatlarından keçiblər. Həyatda olan qaziləri də buradan salamlayıram. Onlar da bu işdə çox böyük şücaət və cəsarət göstəriblər. Bu çox böyük nailiyyət və Silahlı Qüvvələrinizin bu işə verdiyi töhfə münasibətilə bir daha hər birinizi təbrik edirəm. Həmin mübarizəyə qardaşımız Prezident Ərdoğan və Türkiyədən olan bacı-qardaşlarımız çox böyük dəstək oldular, azərbaycanlı bacı və qardaşlarını ruhlandırdılar. Həmin dövrdə Türkiyə Azərbaycana çox böyük dəstək göstərdi. Pakistan da öz növbəsində töhfəsini vermişdir ki, bu mühüm missiya uğurla başa çatsın. Biz bütün siyasi və diplomatik dəstəyimizi verdik ki, azərbaycanlı qardaş və bacılarımız Qələbəyə nail olsunlar. Bu dəstək səmimi-qəlbdən gəlirdi, çünki bu işdə azərbaycanlı qardaş və bacılarımız mütləq dəstəklənməli idi. Xanımlar və cənablar, ona görə də deyə bilərəm ki, bu gün bu ərazilər transformasiyaya uğrayıb və şüar da dəyişib: İki ruh bir qəlbdə idisə, bu gün üç ruh bir qəlbdədir. Bu şüarı artıq biz dəyişmişik.

Xanımlar və cənablar, Pakistan bu yaxınlarda düşmənə qalib gəlməyə müvəffəq oldu. Bir neçə həftə bundan öncə baş vermiş hadisələrdən bəhs edirəm. Həmin düşmən ölkənin əhalisi Pakistan əhalisindən beş dəfə çoxdur. Həmin ölkənin iqtisadi baxımdan da gücü bizdən çoxdur və həmin ölkə onilliklərdir ki, yüzlərlə milyard dollar həcmində vəsait xərcləyərək dünyanın ən müasir silahlarını almışdır, sursat, qırıcı təyyarələr və ən müasir texnologiyanı əldə etmişdir. Aprelin 22-də Pahalqam məntəqəsində, - bu yaşayış məntəqəsi işğal olunmuş Cəmmu-Kəşmirdə yerləşir, - 26 nəfər qətlə yetirildi. Bu, çox kədərli, acınacaqlı bir hadisə idi. Təəssüflər ki, Hindistan tez-tələsik Pakistana qarşı əsassız iddialar irəli sürdü, bizi ittiham etdi və faktları uydurmağa çalışdı. Dünyaya mesaj verməyə çalışdı ki, Pakistan məhz bu Pahalqam insidentinə görə təqsirli bilinməlidir. Biz dərhal təklif etdik ki, şəffaf və tərəfsiz qaydada beynəlxalq təhqiqat aparılsın. Ancaq Hindistan cavabında Pakistana hücum etdi, 33 günahsız pakistanlı qətlə yetirildi. Həmçinin bu hücum nəticəsində 55 pakistanlı yaralanmışdı. Xanımlar və cənablar, biz bunu cavabsız qoya bilməzdik. Biz Pakistanı müdafiə etməli idik və qısa bir zamanda hava qüvvələrimiz Hindistana məxsus 6 təyyarəni vurdu. Fransa istehsalı olan dörd “Rafale” təyyarəsi, “MiQ” tipli təyyarə və dronlar da vuruldu. Biz Hindistana mesaj verdik ki, Pakistan sülhsevər ölkədir. Biz regionda sülhü və firavanlığı təşviq edirik. Amma əgər biz hücuma məruz qalsaq, dərhal var gücümüzlə buna cavab verəcəyik.

Biz 9-cu və 10-cu günlərdə olduqca adekvat şəkildə Hindistanın təcavüzünə cavab verdik və səhər saat 04:30-da - fəcr namazından sonra Pakistanın silahlı qüvvələri Səid Əsim Muirin rəhbərliyi ilə düşmənə dərs verməli oldu. Ona qədər isə Hindistan “BrahMos” tipli raketlərdən Pakistanın müxtəlif əyalətlərini, xüsusilə də Ravalpindidə və digər məntəqələrdə olan hava limanlarını atəşə tutdu.

Bizim baş qərargah rəisi,- o, bu gün burada ön sırada əyləşib. Xahiş edirəm, feldmarşal ayağa qalxasınız, hər kəs sizi görsün, - mənə məlumat verdi ki, cənab Baş nazir, Hindistan bizə növbəti dəfə hücum etdi. Onun səsi qətiyyətli idi. O, tamamilə sakit idi. Amma, eyni zamanda da çox qətiyyətli mövqedə idi ki, biz düşmənə həyatlarının ən yaxşı dərsini verməliyik. Beləliklə, biz Hindistanın hərbi infrastrukturuna hücum etdik. Yəni, bizim onlardan fərqimiz budur. Onlar günahsız insanları qətlə yetirirdilər, biz isə onların hərbi infrastrukturunu hədəfə aldıq və onların cavabını verdik. Səhər saat 9-da feldmarşal mənə zəng edərək dedi ki, cənab Baş nazir, Hindistan bizə müraciət edib ki, atəşkəs elan edək, hansı təlimatlarınız olacaq. Mən dedim ki, feldmarşal, Allah bizə qələbə günü nəsib etdi. Gəl indi Hindistanın bu müraciətini müsbət cavablandıraq. Çünki biz inanırıq ki, sülh olmalıdır, atəşkəs olmalıdır və biz bu müharibəyə istənilən üsullarla son qoymalıyıq. Xanımlar və cənablar, bunu bu gün sizinlə bölüşmək istədim.

Azərbaycan vaxtilə Ermənistanın hücumuna məruz qalanda Türkiyə və Pakistan bir qaya kimi Azərbaycanın yanında oldu. Pakistan Hindistan tərəfindən hücuma məruz qaldı və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, bizim türkiyəli olan qardaş və bacılarımız dərhal Pakistanı dəstəklədilər. Əziz qardaşım İlham Əliyev də, azərbaycanlı bacı və qardaşlarımız da eyni qətiyyəti göstərdilər. Onlar Azərbaycanın və Pakistanın həmrəy olduğunu nümayiş etdirdilər. Bu, dərhal baş verdi. Bu, bizim tariximizin ən gözəl anlarından biri idi ki, üç qardaş ölkə vahid ailə olaraq bir araya gəldilər. Çətin zamanda bir araya gəldilər. Biz bunu heç vaxt unutmayacağıq. İnanın mənə ki, qardaşım, Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin əvəzini mən heç vaxt çıxa bilmərəm. Allah özü sizi mükafatlandıracaq bu qardaşlığa görə. Bu səmimi dəstəyə görə Sizə təşəkkür edirəm.

Bu gün bizim üçtərəfli formatda ikinci toplantımız oldu. Təfərrüata varmadan deyə bilərəm ki, bu üçtərəfli görüş çox səmərəli idi və bizi çox ruhlandırdı. Biz bir çox məsələləri müzakirə etdik və planlarımızı müəyyənləşdirdik ki, üç qardaş dövlət arasında daha sıx əlaqələndirmə olsun inşallah. Bu gün bu füsunkar məkanda - Laçın şəhərində üç ölkənin bayraqları dalğalanır və bu, onu sübut edir ki, bu bayraqlar bir yerdə, hər zaman yüksəklərdə ucalacaq, dalğalanacaq və inşallah, biz firavan gələcəyə doğru inamla irəliləyəcəyik.

Bununla yanaşı, hər iki qardaşıma təşəkkür edirəm ki, bizə Pakistanın ədalətli Cəmmu-Kəşmir məsələsində dəstək göstərirlər. Təəssüflər ki, o gözəl, füsunkar bölgədə qan tökülüb. Onlar onilliklərdir ki, zülmə qarşı mübarizə aparırlar. Onlar hər zamankı kimi qətiyyətlidirlər. Onlar heç zaman təslim olmayacaqlar, o vaxta qədər mübarizə aparacaqlar ki, onların BMT Nizamnaməsinə uyğun hüquqları təmin edilsin, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra olunsun. Pakistan hər zaman kəşmirlilərin yanında olmuşdur, eyni zamanda, Türkiyə və Azərbaycan da eyni qətiyyəti nümayiş etdiriblər. İnşallah elə bir gün gələcək ki, tezliklə bu, baş verəcəkdir. Kəşmir xalqı da öz hüquqlarını təmin edəcək və mən deyərdim ki, bu quldarlıqdan canlarını qurtaracaqlar.

Xanımlar və cənablar, Qəzzada baş verənlər də o qədər fərqli deyil. 52 min fələstinli, o cümlədən qadınlar və uşaqlar, yaşlılar, mühəndislər, həkimlər şəhid olublar. Bu gün biz burada toplaşdığımız bir vaxtda da Qəzzada qan tökülür. Məncə, müasir tarixdə ona bənzər acınacaqlı mənzərə olmamışdır və sivil dünya nə vaxtadək bu vəhşiliyə göz yumacaqdır. Bu, İsrail tərəfindən törədilən barbarlıqdır və bir daha birlikdə pislənilməlidir. Türkiyə Prezidenti, əziz qardaşım Ərdoğan hər zaman bu çağırışları etmişdir. Təkcə müsəlman dünyasında deyil, bütün beynəlxalq arenada onun səyləri yüksək qiymətləndirilir ki, əziyyət çəkən insanlara dəstək verilsin. Mənim əziz qardaşım İlham Əliyev də eyni mövqedən çıxış edir. Pakistan da həmin mövqedən çıxış edir.

Əziz qardaş və bacılarımız, bu gün burada sizin qarşınızda çıxış edərək demək istəyirəm ki, biz səsimizi ən yüksək səviyyədə ucaltmalıyıq ki, bütün dünya Türkiyənin, Azərbaycanın və Pakistanın səsini eşitsin. Çünki Qəzzada mütləq atəşkəs əldə edilməlidir. Bu, nə qədər tez olsa, o qədər yaxşıdır. Çünki bu, bəşəriyyət naminə olmalıdır. Bizim orada olan qardaş və bacılarımızın qətlə yetirilməsi dərhal dayandırılmalıdır. Bizim fələstinli qardaş və bacılarımız azadlıq və ədalət naminə öz müqəddəratını müəyyən etmək hüququna nail olmalıdırlar. Orada məsələ iki dövlət prinsipi əsasında öz həllini tapmalıdır və bu prinsipi bütün dünya dəstəkləyir.

Xanımlar və cənablar, çıxışımın sonunda deyirəm ki, Türkiyənin, Azərbaycanın və Pakistanın bayraqlarında olan aypara hər zaman bir-birinin yanında ucalsın, işıq saçsın və bu, bizim gücümüzün, birliyimizin, inamımızın, xalqlarımızın və müsəlman dünyasının ümidinin rəmzinə çevrilsin.

Yaşasın Pakistan! Yaşasın Pakistan-Azərbaycan-Türkiyə qardaşlığı!

Allah sizi qorusun!

X X X

Çıxışlardan sonra Azərbaycan, Türkiyə və Pakistan mahnılarından ibarət konsert proqramı təqdim olundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib YENİLƏNİB-3  VİDEO

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO