Laçında qış sevinci: Uşaqlar qədim kirşə ənənəsini yaşadırlar
Laçın, 30 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Uzun illərin həsrətindən sonra Laçın yenidən öz doğma sakinlərini bağrına basıb. Qışın soyuğuna baxmayaraq, ağ örpəyə bürünmüş şəhərin küçələrində artıq səssizlik hökm sürmür, uşaqların gülüş sədaları eşidilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günlərdə Laçına yağan qar ecazkar təbiət mənzərələri yaratmaqla yanaşı, insanların, xüsusilə də balacaların böyük sevincinə səbəb olub. Qarlı küçələrdən birində uşaqların kirşə ilə sürüşməsi sadəcə bir qış əyləncəsi deyil, zamanın donub qalmış yaddaşının yenidən canlanmasıdır. Bu mənzərə, bir zamanlar buralardan məcburi köçkün düşmüş insanların qəlbindəki nisgili silərək, 30 il öncəki xoşbəxt anları bu günün reallığına qovuşdurur.
Doğma yurda qayıdışın sevincini yaşayan laçınlılar üçün artıq qışın soyuğu yox, ocaqların istisi duyulur. İndi Laçında hər bir evdə işıq yanır - bu işıqlar yalnız qaranlığı deyil, həm də illərdir həsrət qaldığımız o böyük Vətən boşluğunu aydınladır. Uşaqların qar sevinci, onların şaqraq gülüşləri işğal illərinin ağır sükutunu birdəfəlik pozaraq, bu torpaqların əbədi və əzəli sahiblərinə qayıtdığını hər kəsə bəyan edir. Hər pəncərədən süzülən nur yenidən qurulan həyatın, bərpa edilən ümidlərin və daimi sülhün nişanəsidir.