Laçından olan seçici: Doğma yurdumuzda ilk dəfə prezident seçkiləri keçiriləcək
Laçın, 19 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycanın hər yeri bizim üçün Vətəndir, lakin insanın doğulduğu, boya-başa çatdığı torpaq daha əzizdir. 31 il yurd həsrəti ilə yaşasaq da, Laçına qovuşmaq çox gözəl hissdir. Doğma yurdumuzda ilk dəfə prezident seçkiləri keçiriləcək.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Laçın sakini Azad Nəsibov söyləyib.
O, 1965-ci ildə Laçın şəhərində doğulub boya-başa çatıb, 27 yaşında isə ermənilərin işğalçılıq siyasəti nəticəsində doğma elindən didərgin düşüb, on illər boyu Vətən həsrəti ilə yaşayıb. Azad Nəsibovun bu nisgili nəhayət ötən il bitib, indi yenidən qurulan Laçın şəhərində ailəsi ilə birlikdə firavan yaşayır.
"58 yaşımda yenidən Laçına qayıdanda özümü xoşbəxt hiss etdim, bu torpaqlar bizim üçün həm doğma, həm də müqəddəsdir. Çünki şəhidlərimizin qanı bahasına azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Biz laçınlılar ilk dəfə doğma elimizdə keçiriləcək seçkilərdə öz namizədimizə səs verə biləcəyik”, - deyə o bildirib.