“Ladies on Bikes” qadın velosiped klubu üzvlərinin geyim dəstləri təqdim edilib
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycanın ilk həvəskar qadın velosiped klubu olan “Ladies on Bikes”ın üzvlərinin noyabrın 19-da geyim dəstlərinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Respublika Velotrekində təşkil edilən tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Sevinc Hüseynova və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak ediblər.
Mərasimdə çıxış edən Qənirə Paşayeva ilk həvəskar qadın velosiped klubunun üzvlərini təbrik edib. Bildirib ki, klub sıralarında bütün peşələri təmsil edən velosiped həvəskarı olan xanımları birləşdirir.
Tədbirdə velosiped idmanının qadınlar arasında daha da populyarlaşdırılmasının zəruriliyi vurğulanıb. Xüsusən son illərdə idmanın bu növünün Azərbaycanda daha da inkişaf etdiyi diqqətə çatdırılıb.
Çıxışlardan sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib.