SİYASƏT
Latviyada AŞPA-nın Büro və Daimi Komitə iclasları keçiriləcək

Bakı, 23 may, AZƏRTAC
Mayın 24-dən 27-dək Latviyanın Riqa şəhərində AŞPA-nın Büro və Daimi Komitə iclasları keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ölkəmizi beynəlxalq tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edəcək.
İclaslarda Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin, Bolqarıstanda keçirilmiş erkən parlament seçkilərinin nəticələri, həmçinin Monteneqroda keçiriləcək parlament seçkilərini müşahidə edəcək üzvlərin siyahısının təsdiqi və digər məsələlərə baxılacaq, müvafiq qərarlar qəbul olunacaq.
Səməd Seyidov müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, onlara münasibətini bildirəcək.