LATVİYADA DTK-NIN 4500 AGENTİNİN ADI AÇIQLANACAQDIR
Latviya hökumətinin hüquq məsələləri komissiyası 1991-ci ildə SSRİ dağıldıqdan sonra DTK-nın arxivlərində tapılmış siyahıların dövlət qəzetində dərc olunmasını qərara almışdır. Komissiyanın başçısı Mareks Seqlins bildirmişdir ki, noyabrın 1-də dərc olunacaq siyahılar parlament seçkilərinə təsir göstərməyəcəkdir. Lakin bu qərar hələ parlament və ölkə Prezidenti tərəfindən bəyənilməlidir.
Bu ideyanın tərəfdarları deyirlər ki, Latviyanın 1945-1991-ci illərdə Sovet İttifaqı tərəfindən işğalı məsələsinə son qoymaq və agentləri üzə çıxarmaq üçün həmin addımın atılması vacibdir. Bəziləri ehtiyat edirlər ki, keçmiş DTK-nın agentləri hələ də Rusiya kəşfiyyatına işləyə bilərlər.
DTK əməkdaşları adlarının açıqlanması əleyhdarlarının fikrincə, siyahıların dərci yaraları təzələyəcək və DTK ilə əməkdaşlıq etməyən, lakin işlərdə adları çəkilən günahsız insanların həyatını çətinləşdirəcəkdir. Digərlərinin fikrincə isə, Qərbdəki casusların da adlarını açıqlamaq lazımdır.
Prezident Vayra Vike-Freyberqa bildirmişdir ki, bu gecikmiş və mənasız plan cəmiyyətdə parçalanmaya səbəb olacaqdır. Latviyada keçmiş DTK-nın agentləri dövlət vəzifələrində çalışa bilməzlər. Bu isə sovet kəşfiyyatının arxivləri açıqlanandan sonra bir çoxlarının karyerasına son qoymuşdur.
İki il əvvəl Latviya Prezidenti bu təkliflə bağlı qanun layihəsinə qadağa qoymuşdur. Lakin mart ayında ölkənin bir sıra siyasi xadimləri sənədin yeni variantını təqdim etmişlər. Yeni varianta görə, siyahı izahatla dərc olunacaqdır. İzahatda bildiriləcək ki, DTK ilə əməkdaşlıq etmədiyini sübuta yetirənlər və ya bunu etiraf edənlər barədə məlumat veriləcəkdir.