Latviyalı investorlar Azərbaycanın iqtisadi zonalarına sərmayə yatırmağa dəvət olunublar
Şuşa, 15 aprel, AZƏRTAC
Azərbaycanın strateji coğrafi mövqeyi təkcə ölkələrimiz arasında deyil, həm də üçüncü bazarlarla ticarətin asanlaşdırılması üçün mühüm üstünlüklər təqdim edir. Avrasiyada əsas nəqliyyat və logistika mərkəzi kimi Azərbaycan mühüm Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən müasir infrastruktura malikdir. Xüsusilə, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu - Orta Dəhliz Avropanı Mərkəzi Asiya və Çin ilə birləşdirən etibarlı və səmərəli marşrutdur. Biz tərəfdaşlarımızı bu dəhlizin təqdim etdiyi imkanları araşdırmağa dəvət edirik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında komissiyanın Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir, həmçinin Latviya investorlarını Azərbaycandakı iqtisadi zonalarda yaradılmış əlverişli şəraitdən yararlanmağa çağırıb.
Məcnun Məmmədov əlavə edib ki, Latviyanın heyvandarlıq, süd istehsalı və meşə təsərrüfatı sahəsindəki təcrübəsi əməkdaşlıq üçün böyük imkanlar yaradır.
Müxbir – Tahir Ağaməmmədov