Latviyanın sabiq Prezidenti: İqlim strategiyalarını müharibələri dayandırmadan həll edə bilmərik
Bakı, 29 sentyabr, AZƏRTAC
Hazırda çox çətin dövrlərdən keçirik. Dünyanın hər yanında müharibələr gedir. Təbii ki, bu da iqlimə təsirsiz ötüşmür.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxış edən Latviyanın sabiq Prezidenti Raymond Veyonis deyib.
"Azərbaycanda keçirilən COP29 tədbirinin nəticələri bizə imkan verir ki, bu məsələni irəli aparaq. Hərbi münaqişələr meşələri yandırır, şəhər infrastrukturunu, kənd təsərrüfatını dağıdır. Bu, təkcə insan faciəsi deyil, ətraf mühit faciəsidir. Nəticədə Yer kürəsi təhdid altına düşür. Bu da planet sakinlərinin güzəranına təsir edir. Nəticədə zorakılığa yol açılır. 2022-ci ildə iqlim dəyişikliyi 32 milyon insana təsir etmişdi. Hər gün 60 min insan öz yerini dəyişir. 2050-ci ilə qədər 60 milyona yaxın insan iqlim miqrantına çevriləcək.
İqlim dəyişikliyi müharibədən doğan həssas vəziyyəti daha artırır. Siyasi qərarlar müharibələrə gətirib çıxarır ki, iqlim dəyişikliyi də onu gərginləşdirir. Biz bu iki prosesi ayıra bilmərik. İqlim strategiyalarını müharibələri dayandırmadan həll edə bilmərik. Gələcəkdə iqlim miqrasiyası qlobal miqyasda ən böyük çağırışlardan birinə çevriləcək. Biz müxtəlif cəbhələrdə tədbirlər görməliyik. Münaqişələri bitirmək iqlim dəyişikliyi ilə mübarizədir. Biz əməkdaşlığı seçməliyik, nəinki münaqişələri. İqlim dəyişikliyi təkcə ətraf mühit çağırışı deyil. Eyni zamanda, aparıcı qüvvədir və müxtəlif formalarda təhlükəsizlik üçün təhdid yaradır".