LELA CAVAXİŞVİLİ: BEYNƏLXALQ TURNİR YÜKSƏK SƏVİYYƏDƏ TƏŞKİL OLUNUB
AZƏRTAC xəbər verir ki, Bakıda qadınlar arasında 2-ci Beynəlxalq şahmat turniri davam edir. Artıq yarışın 3 turu arxada qalmışdır. Turun əsas qarşılaşması sayılan A.Stefanova (Bolqarıstan) - L.Cavaxişvili (Gürcüstan) görüşü heç-heçə ilə nəticələndiyindən, liderlər turnir cədvəlində öz mövqelərini qoruyub saxlamışlar.
Müxbirimiz yarış cədvəlinin önündə gedən Gürcüstan şahmatçısı ilə görüşüb, beynəlxalq turnirlə bağlı təəssüratlarını öyrənmişdir.
- Sizin Bakıya gəlişiniz ilk dəfə deyil. Paytaxtımız haqqında nə deyə bilərsiniz ?
- Bəli, Bakıda artıq bir dəfə olmuşam. Şəhəriniz çox xoşuma gəlir. Turnir iştirakçıları üçün yaradılmış şəraitdən də razıyam. Beynəlxalq turnirin təşkili yüksək səviyyədədir.
- Siz Şəkidə keçirilən Beynəlxalq şahmat turnirinin qalibi olmusunuz. Fikrinizcə, hansı turnirin səviyyəsi daha yüksəkdir?
- Şəki turnirində də tanınmış qadın şahmatçılar iştirak edirdilər. Ancaq etiraf etməliyəm ki, bu yarış daha səviyyəlidir.
- Turnirdə kimi özünüzə ən güclü rəqib görürsünüz?
- Bilirsiniz, mən kimisə fərqləndirmək istəməzdim. Yarış iştirakçılarının hamısı təcrübəli, yüksək reytinqə malik şahmatçılardır.
- Gürcüstan şahmat məktəbi dünya səviyyəsində ən güclü məktəblərdən sayılır. Məşhur şahmatçılar yetişdirən gürcü qrossmeysterlərinin adları çoxlarına məlumdur. Sirr deyilsə, sizin məşqçiniz onlardan hansıdır?
- Təəssüf ki, mənim məşqçim yoxdur. Şahmatla müstəqil məşğul oluram. Hazırda Gürcüstanda məşqçi ilə bağlı problemlər vardır.