Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin xatirəsi anılıb
Lənkəran, 17 mart, Bağır Əliyev, AZƏRTAC
1995-ci ilin mart günlərində Azərbaycanda dövlət çevrilişi cəhdinə qarşı mübarizədə həyatından keçmiş mərd Azərbaycan oğullarından biri də Əsgər Ələkbər oğlu Əliyev idi. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Əsgər Əliyevin xatirəsi doğulduğu Lənkəran rayonunda daim əziz tutulur. Hər il qəhrəmanın doğum və anım günləri qeyd olunur, anadan olduğu Lənkəran rayonunda Milli Qəhrəmanın abidəsi ucaldılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 17-də Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin adını daşıyan parkda xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla anım tədbiri keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, ictimaiyyətin nümayəndələri Əsgər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Anım tədbirində çıxış edənlər Milli Qəhrəman Əsgər Əliyevin mənalı ömür yolundan danışıblar.
Qeyd olunub ki, Ali Ümumqoşun Komandirləri Məktəbinin kursantı olmuş 20 yaşlı Əsgər Əliyevin qısa, lakin şərəfli ömür yolu, onun qəhrəmanlığı gənc nəslə örnəkdir.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan soydaşlarımızın arasında neçə-neçə lənkəranlı gəncin də olması burada qəhrəmanlıq ənənələrinin layiqincə davam etdirildiyini göstərir. Vətən naminə mübarizədə ölümün gözünə dik baxmış hər bir soydaşımızın adı bizim üçün əzizdir. İllər ötsə də, Əsgər kimi əsgərlərimizin hünəri şöhrət tariximizdə parlaq nümunə olaraq qalacaq.
Mərasimdə Milli Qəhrəmanın atası Ələkbər Əliyev çıxış edərək ailəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.