Lənkəranda qadınların rastlaşdıqları hüquqi problemlər haqqında müzakirələr aparılıb
Bakı, 18 aprel, AZƏRTAC
Vəkillər Kollegiyasının Qadın Vəkillər Alyansı Lənkəran şəhərində “Heydər Əliyev İli” çərçivəsində “Qadın hüquqlarının müdafiəsi” mövzusunda regional görüş keçirib.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Lənkəran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü və Alyansın sədri Dilarə Əfrasiyabova, Lənkəran Şəhər İcra Hakimiyyəti Hüquq Şöbəsinin müdiri Emil Quliyev və Alyansın üzvləri çıxış edib, qadınların rastlaşdıqları problemlər ətrafında müzakirələr aparılıb.
Görüş çərçivəsində erkən nikah, onun hüquqi aspektləri və praktik problemləri, məişət zorakılığı, yaranma səbəbləri və onunla mübarizə üsulları, narkomaniyaya qarşı mübarizə və cəmiyyəti narahat edən digər aktual məsələlər müzakirə edilib.
Həmçinin səfər çərçivəsində Qadın Vəkillər Alyansının üzvləri ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov arasında görüş keçirilib.
Sonda vətəndaşların problemləri dinlənilib, mövzu ətrafında suallar cavablandırılıb.