Lənkəranda qeyri-formal məşğulluqla mübarizəyə dair müzakirələr aparılıb
Bakı, 14 noyabr, AZƏRTAC
Lənkəran şəhərində işəgötürənlər üçün “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzusunda dəyirmi masa təşkil olunub.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran–Astara regional şöbəsinin əhatə etdiyi rayonlardan olan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 25 nəfər iştirak edib.
Çıxış edənlər qeyri-formal məşğulluğun aradan qaldırılması, sosial rifahın artırılması və əmək münasibətlərinin leqallaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, əmək müqaviləsi bağlanmadan işə cəlbedilmə yolverilməzdir və əmək münasibətləri yalnız qanunvericiliklə təsdiqlənmiş müqavilə əsasında formalaşmalıdır. Həmçinin bildirilib ki, əmək müqaviləsi olmadan işləmək gələcəkdə işçilərin sosial və əmək hüquqlarını məhdudlaşdırır.
Tədbirdə iştirakçılara əmək qanunvericiliyində son illərdə aparılan islahatlar, əmək münasibətlərinin rəsmiləşdirilməsinin üstünlükləri və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə məlumat verilib.
Sonra iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.