Lənkəranda Şəhidlər Abidə Kompleksi ziyarət olunub
Lənkəran, 27 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Anım Günü Lənkəran rayonunda da qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəhidlər Abidə Kompleksində keçirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyəti iştirak edib.
Anım mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu günün önəmindən danışıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin sosial-məişət problemlərinin həll olunması, onlara diqqət və qayğının göstərilməsi ilə bağlı məsələlərin daim nəzarətdə saxlanıldığı vurğulanıb.
Şəhid Taleh İsmayılovun həyat yoldaşı Gülay İsmayılova bildirib ki, qanları ilə tarix yazan şəhidlərimiz xalqımızın qürur mənbəyi, onların qəhrəmanlığı gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında ən dəyərli nümunədir. Şəhid həyat yoldaşı dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən həssaslığa, onların qayğı və problemlərini, qaldırdıqları məsələni şəxsi nəzarətlərində saxladıqlarına görə minnətdarlığını ifadə edib.
Daha sonra şəhid övladlarının və məktəblilərin iştirakı ilə bədii-kompozisiya təqdim olunub.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri abidə kompleksini ziyarət edib, önünə tər güllər düzüb, şəhidlərimizə olan hörmət və ehtiramlarını ifadə ediblər.