Lənkəranda “Səyyar sağlam həyat” günləri - kütləvi açıq idman tədbiri keçirilib VİDEO
Lənkəran, 3 dekabr, İlkin Adıyev, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Səyyar sağlam həyat” günləri layihəsi çərçivəsində Lənkəran şəhər Həzi Aslanov parkında növbəti kütləvi açıq idman tədbiri baş tutub. Aksiyanın əsas məqsədi əhalini sağlam həyat tərzinə təşviq etmək, idmanın müxtəlif növlərinə marağı artırmaq və vətəndaşlar arasında fiziki aktivliyi genişləndirmək olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir zamanı xüsusi olaraq hazırlanmış səyyar idman avtomobili park ərazisində yerləşdirilib və onun ətrafında qurulan idman avadanlıqlarında müxtəlif yaş qruplarından olan idman həvəskarları öz fiziki hazırlıqlarını sınayıblar. İştirakçılar normativlər üzrə bacarıqlarını nümayiş etdiriblər.
Sonda normativləri yerinə yetirən iştirakçılara sertifikatlar təqdim olunub.
Aksiyada 200 nəfərə yaxın sakin iştirak edib.