LƏNKƏRANIN SƏHİYYƏ İŞÇİLƏRİ PREZİDENTİN HƏYATA KEÇİRDİYİ TƏDBİRLƏRİ DƏSTƏKLƏYİRLƏR
Mərkəzi rayon xəstəxanasında keçirilən tədbirdə baş həkim Nurəddin Qurbanov çıxış edərək ölkəmizdə parlament seçkiləri ərəfəsində radikal müxalifətin və onların havadarlarının daha da azğınlaşmasının, hakimiyyətə gəlmək məqsədi ilə törətdikləri cinayət əməllərinin Lənkəranın səhiyyə işçiləri tərəfindən qətiyyətlə pislənildiyini bildirmiş, çirkin əməllərə görə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onunla birlikdə Vətənə xəyanət yolu tutan keçmiş səhiyyə naziri Əli İnsanovun vəzifələrindən azad edilmələri ilə bağlı Azərbaycan Prezidentinin sərəncamlarını, eləcə də respublikamızın hüquq mühafizə orqanlarının həyata keçirdiyi tədbirləri dəstəklədiklərini diqqətə çatdırmışdır.
Yığıncaqda çıxış edən səhiyyə işçiləri ölkənin hüquq mühafizə orqanlarından həkimlik adına ləkə gətirən, Hippokrat andını pozaraq Vətənə xəyanət yolu tutan Əli İnsanov, Fərhad Əliyev və belələri haqqında ən ağır cəza tədbirləri görülməsini tələb etmişlər.
Toplantıda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.