REGİONLAR
Lənkəranlı gənc: İlk dəfə səs verəcəyim üçün çox sevincliyəm
Lənkəran, 21 yanvar, İlkin Adıyev, AZƏRTAC
Həm həyəcanlı, həm də sevincliyəm, çünki fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcəyəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin vokal sənəti ixtisası üzrə III kurs tələbəsi Allahverən Hüseynzadə söyləyib.
Hazırda 18 yaşı olduğunu bildirən tələbə deyib: “İlk dəfə seçkidə səs vermə hüququnu qazanmış bir gənc kimi çox sevincli və həyəcanlıyam. Ona görə ki, Azərbaycanın ən layiqli namizədinə səs verəcəyəm. Bu hadisə həyatımın ən yaddaqalan günlərindən biri olacaq”.
Allahverən Hüseynzadə fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində hər kəsi məntəqələrə gedib səsvermə hüququndan istifadə etməyə çağırıb.