Lənkəranlı gənclər şəhid Rusif Ağayevin ailəsini ziyarət ediblər
Lənkəran, 3 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin kollektivi xüsusi karantin rejimi qaydalarına riayət etməklə Hirkan qəsəbəsində Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış gizir Ağayev Rusif İbrahim oğlunun ailəsini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cəsur döyüşçünün ailə üzvlərinin qayğıları və problemləri ilə maraqlanan lənkəranlı gənclər, Aprel döyüşlərində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Rusif Ağayevin göstərdiyi şücaətdən, qəhrəmanlıqdan danışıblar.
Qeyd olunub ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən təxribatına məruz qalaraq intensiv atəşə tutuldu. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı və işğal altında olan ərazilərimizin 2000 hektardan çox hissəsini və Lələtəpə yüksəkliyini azad etdi. Bu döyüşlərdə, eyni zamanda, bir çox ərazilərimiz ordumuzun nəzarəti altına keçdi.
Şəhidin atası İbrahim Ağayev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərindəki qələbəsindən, Rusif Ağayevin qəhrəmanlığından və döyüş şücaətindən söz açaraq, qazandığımız şanlı Qələbəyə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
İdarənin işçiləri şəhid R.Ağayevin Hirkan qəsəbəsindəki məzarı önünə əklillər və gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Rusif Ağayev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.