LƏNKƏRANLI ZİYALILAR PREZİDENTİNSƏRƏNCAMLARINI DƏSTƏKLƏYİRLƏR
Azərbaycanda hakimiyyəti zorla ələ almaqda iştirak etdiklərinə və digər cinayətkar əməllərinə görə məsuliyyətə cəlb edilmiş yüksək vəzifəli məmurların - Fərhad Əliyevin, Əli İnsanovun və onların əlaltılarının törətdiyi əməllər rayon ictimaiyyəti nümayəndələrinin, o cümlədən ziyalıların qəzəb və hiddətinə səbəb olmuşdur.
Lənkəran Dövlət Universitetində keçirilən tədbirdə universitetin rektoru, professor Asəf İsgəndərov çıxış edərək korrupsiyaya qurşanmış məmurların Vətənə xəyanət yolunu tutan Rəsul Quliyev və onun kimi əqidə sahibləri ilə birləşərək qarşıdurma yaratmaq, zorla hakimiyyətə gəlmək niyyətlərini pisləmiş, Azərbaycan Prezidentinin bu məmurlar haqqında verdiyi sərəncamlarının ziyalılar tərəfindən dəstəkləndiyini bildirmişdir.
Toplantıda çıxış edənlər Parlament seçkiləri ərəfəsində radikal müxalifətin qanunazidd hərəkətlərini pisləmiş, respublikanın hüquq-mühafizə orqanlarından ölkədə sabitliyi pozan, iğtişaşlar törədən və xalqın sərvətini talayan məmurlarin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişlər.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunmuşdur.