Lerikin Buzeyir mağarası ölkəmizin ilk insan məskənlərindən sayılır
Lerik, 11 mart, İlkin Adıyev, AZƏRTAC
Azərbaycanın daş yaddaşının nişanələrindən biri də Buzeyir mağarasıdır. Respublika əhəmiyyətli bu arxeoloji abidə Lerik rayonu ərazisində yerləşir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin ilk insan düşərgələrindən biri hesab olunan Buzeyir mağarası Lerik-Buzeyir yolunun 10-cu kilometrliyində, Zuvand çayının sol sahilində yerləşir. Mağara Talış dağlarının Dəlikdaş zirvəsində, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə qərar tutur. Mağaranın uzunluğu 17 metr, eni 9-14 metr, mağara dəliyinin hündürlüyü 10 metr, torpaq çöküntüsünün qalınlığı isə 2-2,5 metrdir.
Tarixçi Hüseynbala Əliyevin sözlərinə görə, Buzeyir mağarası eyniadlı kənddə yerləşir. Burada iyirmidən çox mağaraya rast gəlmək olar. Arxeoloji qazıntılar zamanı buradan çıxan insan və heyvan sümükləri, ocaq izləri sübut etdi ki, təxminən 100 min il əvvəl burada ən qədim insanlar yaşayıb. Buzeyir mağarasında əldə olunan əmək alətləri Lerik rayonu ərazisində yaşamış ibtidai insanların məşğuliyyəti haqqında təsəvvür yaradır. Mağaranın tapıntıları içərisində məmulatın ikinci dəfə işlənməsinə də rast gəlinib. Buzeyir mağarasından tapılan maddi nümunələr Paleolitin Mustye dövrünə aid edilir.
Qeyd edək ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Paleolit arxeoloji ekspedisiyası 1990-cı ilin iyul-avqust aylarında Buzeyir mağarasında geniş sahədə arxeoloji qazıntı işləri aparıb. Nəticədə düşərgənin çöküntülərində müxtəlif dövrlərə aid altı təbəqə qeydə alınıb. I və II təbəqələrdə aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlərə, Tunc və Eneolit dövrlərinə aid gil qab qalıqları aşkar olunub. III təbəqədən sümük qalıqları və daş məmulatı, IV, V və VI təbəqələrdən daş məmulatı və ovlanmış heyvan sümükləri aşkarlanaraq tədqiq edilib. Arxeoloji qazıntılar zamanı mağaradan ümumilikdə 61 daş məmulatı aşkara çıxarılıb. Tapıntıların içərisində diskşəkilli nükleuslar, levallua itiucluları, düz sadə qəlpələr, qabarıq sadə qəlpələr, sınmış qəlpələr və lövhəciklər yer alıb.