Leylək dimdiyini xatırladan ətirşah
Bakı, 2 mart, AZƏRTAC
Ətirşah çox qədim otaq bitkilərindən biridir, onun adı yunan dilindən tərcümədə leylək mənası verir. Ətirşah meyvələri leyləyin dimdiyinə çox bənzədiyinə görə onu belə adlandırılar. Məşhur yunan alimi Dioskorid öz dövründə həmin fəsilənin digər nümayəndələrinə də eyni adı vermişdi. Qədim Rusiyada ətirşaha "leylək burnu" deyirdilər.
1690-cı ildən dekorativ bitki kimi istifadə edilən ətirşahın 280 növü var və əsasən Cənubi Afrikada geniş yayılıb. Adından da göründüyü kimi, ətirli bitki olan ətirşahın yarpaqlarını ovxaladıqca əldə qəribə və xoşagələn ətir qalır, limon, alma və nanənin birgə ətrini xatırladır. Ondan alınan efir yağları aromaterapiyada geniş istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, ətirşah olan evdə güvə, gənə, bit, birə və s. həşəratlar olmur.
Ətirşahın çiçəkləri çox gözəldir, yarpaqları insan əlinə bənzəyir. Otaq şəraitində olan bitkinin kifayət qədər çiçək açmaması onun az işıq alması ilə əlaqədardır. Onun bitdiyi torpaq quruyanda dərhal sulanmalıdır, lakin ətrafının həddindən artıq rütubətli olması da yaxşı hal deyil. Hədsiz çox sulama bitkini soldura bilər və ya çiçəkləmə dayanar. Qış aylarında isə ətirşah çox sulanmamalıdır. Aprel-sentyabr aylarında ona maye gübrə verilməsi məsləhətdir. Quraqlığa davamlı olduğuna görə onun yarpaqlarını yumaq lazım deyil.
Ətirşahı toxumla, üzərində zoğ və ya tumurcuq olan kökümsov vasitəsilə çoxaltmaq olar, lakin Azərbaycan şəraitində daha yaxşı üsul qələmə və ya tinglə yetişdirməkdir. Çoxalmanı erkən yazda və payız fəslində aparmaq daha məqsədəuyğundur.