CƏMİYYƏT
“Limes” Geosiyasət Məktəbinin məzunları Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
![“Limes” Geosiyasət Məktəbinin məzunları Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb](/files/2023/3/1200x630/1700122821299515349_1200x630.jpg)
Bakı, 16 noyabr, AZƏRTAC
İtaliyanın məşhur “Limes” Geosiyasət Məktəbinin “Məzunlar Klubu”nun üzvləri Azərbaycana səfərləri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olublar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Fuad Muradov qonaqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti, uğurlu nəticələr verən çoxistiqamətli layihələr, xüsusilə xaricdəki Azərbaycan evləri, mədəniyyət mərkəzləri və həftəsonu məktəbləri barədə məlumatlandırıb.
Görüşdə dünya azərbaycanlılarının, o cümlədən İtaliyadakı Azərbaycan icmasının müharibə və postmüharibə dövründəki fəaliyyəti diqqət mərkəzinə gətirilib, diasporumuzun yayılma arealı və yumşaq gücə çevrilmə imkanlarından danışılıb.
Səmimi görüşə görə təşəkkür edən qonaqlar ölkəmizə səfərlərindən böyük məmnunluq hissi keçirdiklərini deyib, səfərlərinin əsas məqsədinin Cənubi Qafqazın lider dövləti Azərbaycanı yaxından tanımaq, ölkəmiz haqqında ətraflı məlumat almaq olduğunu bildiriblər.
Diqqətə çatdırılıb ki, İtaliya ilə Azərbaycanın əlaqələrinin perspektivləri, regionda baş verən hadisələr barədə informasiyaların əldə edilməsi, təhlillərin aparılması “Limes” Geosiyasət Məktəbinin məzunları üçün olduqca maraqlıdır.
Sonra əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə edilib. Qonaqlara ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı kitablar hədiyyə olunub.
Qeyd edək ki, İtaliyadan ölkəmizə səfərə gələn nümayəndə heyətinin tərkibində öz sahələri üzrə tanınmış və nüfuzlu şəxslər var.