LİTVA AZƏRBAYCANLILARI CƏMİYYƏTİ XOCALI FACİƏSİ İLƏ BAĞLI TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR
Bakı, 26 fevral (AZƏRTAC). Litva Azərbaycanlıları Cəmiyyəti (LAC) Xocalı soyqırımı həqiqətlərinin ölkə ictimaiyyətinə və siyasi dairələrə çatdırılması məqsədi ilə Vilnüsdə və Kaunasda bir sıra təbliğat tədbirləri və anma mərasimləri keçirməkdə davam edir.
Cəmiyyət bununla əlaqədar Litva parlamentinə siyasi müraciət ünvanlamışdır. Müraciətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun geosiyasi səbəbləri, əsl mahiyyəti və nəticələri, xalqımızın əsrlər boyu məruz qaldığı haqsızlıqlar, erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş terror, talan və soyqırımı aktları, aparılmış etnik təmizləmələr, bir milyona yaxın qaçqın və məcburi köçkünün vəziyyəti barədə həqiqətlər bir daha bu ölkə deputatlarının diqqətinə çatdırılmışdır. Həmçinin müraciətdə bu tarixi faciələrin parlamentin müzakirəsinə çıxarılması, həmin faktlara Litva Respublikasında hüquqi və siyasi qiymət verilməsi, Xocalı qətliamının soyqırımı kimi tanınması, Ermənistanın işğalçı siyasətinin və əməllərinin ittiham edilməsi, təcavüzkar ölkənin beynəlxalq hüquq normaları əsasında cəzalandırılması ilə bağlı təklif və tələblər əksini tapmışdır.
Cəmiyyətin sədri Mahir Həmzəyev Diasporla İş üzrə Dövlət Komitəsinə bildirmişdir ki, Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Vilnüsdə LAC-ın təşkilatçılığı ilə keçirilən təbliğat tədbirləri çərçivəsində, Litvanın www.slaptai.lt saytında “Salnamə” sənədli filmlər studiyasının “DUA” adlı lenti DVD formatında yerləşdirilmişdir. (http://www.slaptai.lt/nufilmuotas-pokalbis/2932-si-azerbaidzanietiska-malda--chodzaly-aukoms-atminti.html).
Bundan əlavə, fevralın 26-da Azərbaycan televiziyasının “Səhər” proqramında LAC-ın sədri Mahir Həmzəyev Litvada Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlər haqqında canlı yayımda məlumat vermişdir. M.Həmzəyevin Litva mətbuatında mövzu ilə əlaqədar müsahibələri yer almışdır.
Cəmiyyət Xocalı soyqırımı ilə əlaqədar obyektiv məlumatların Litva ictimaiyyətinə çatdırılması və təbliğat tədbirlərinin gerçəkləşməsi işində Litva, yəhudi, latış, eston, polyak və digər xalqların diaspor təşkilatlarının təcrübəsindən istifadə edilməsinə, məhz litvalı və digər avropalı müəlliflərin əsərlərinin yazılıb yayılmasına və informasiyanın yayımlanması prosesində ən müasir texnologiyalardan, Avropa düşüncə və həyat tərzinə uyğun vasitələrdən istifadə etmək məqsədi ilə düşünülmüş fəaliyyət konsepsiyası çərçivəsində hazırlanmış müasir informasiya üsullarının tətbiq olunmasına daha çox üstünlük verir. LAC bu sahədə daha inandırıcı və yeni təbliğat üsullarını hazırlayıb tətbiq etmək üçün Litva və Azərbaycana dost münasibət bəsləyən digər xalqların yaradıcı nümayəndələrini cəlb etməyə çalışır. Cəmiyyətin səyi nəticəsində, Litvada obyektiv mövqe tutan tarixçilər, siyasi icmalçılar, jurnalistlər, din təmsilçiləri, naşirlər və eləcə də digər yaradıcı xadimlərdən ibarət işçi qrupu formalaşdırılmışdır.
LAC-ın gördüyü işlər nəticəsində Litvada ermənilərin uydurma təbliğatının qarşısı alınmış və bu gün burada erməni diasporunun təbliğat və təşviqat sahəsində monopoliyasına son qoyulmuşdur.