MƏDƏNİYYƏT
Litva SMK Tətbiqi Elmlər Universitetinin prezidenti Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 14 aprel (AZƏRTAC). Litva SMK Tətbiqi Elmlər Universitetinin prezidenti xanım Gabrija Skucaite və Klaypeda qərargahının tədris işləri üzrə müdir müavini Neringa Cekanaviciene Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu ali təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Eldar Aslanov, tədris şöbəsinin müdiri Nərminə Abdullayeva və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşların iştirak etdikləri görüşdə G.Skucaite rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, 1994-cü ildə yaradılan universitetdə 16 ixtisas üzrə oxuyan 2100 tələbədən 200-ü məhz turizm və qonaqpərvərlik fakültəsində təhsil alır.
Litvalı qonaqlar ATİ-nin bakalavr və magistr pilləsində kadr hazırlığı prosesinə böyük maraq göstərdiklərini qeyd etmiş, təmsil etdikləri ali təhsil müəssisəsi ilə ATİ arasında tələbə-müəllim mübadiləsi, beynəlxalq proqram və layihələrdə birgə iştirakla bağlı təkliflərin tezliklə reallaşacağına əminliklərini ifadə etmişlər.