Litvada Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir
Vilnüs, 27 fevral (AZƏRTAC). Litvada Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir.
Azərbaycanın Litvadakı səfirliyindən bildirmişlər ki, bir neçə gün əvvəl Avropa kinematoqrafçılarının lentə aldıqları “Sonu olmayan dəhliz” sənədli filminin Vilnüsdə təqdimatı keçirilmişdir. Litva kütləvi informasiya vasitələrində Xocalı soyqırımına həsr olunmuş müxtəlif yazı və məqalələr dərc olunmuş, səfir Həsən Məmmədzadənin müsahibələri yayımlanmışdır.
Soydaşlarımız fevralın 25-də Ermənistanın Litvadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirmişlər. Vilnüs şəhər meriyasının icazəsi ilə keçirilən piketdə “Günəş” assosiyasiyasının, Litva azərbaycanlı gənclər təşkilatı AYOL-un üzvləri, həmçinin Litvada yaşayan soydaşlarımız Ermənistan səfirliyi qarşısında “Xocalıya ədalət!” şüarları səsləndirmiş, öz haqlı tələblərini irəli sürmüşlər. Piket Azərbaycan himninin ifası ilə sona çatmışdır.
Litvanın ikinci böyük şəhəri Kaunasda da AYOL və İngiltərədə fəaliyyət göstərən “Odlar yurdu” cəmiyyəti “Xocalıya ədalət!” adlı aksiya keçirmişlər. Tədbir fevralın 26-da tələbələr, üzərində “Justice for Khojaly” yazıları olan köynək geyinərək, əllərində Xocalı faciəsini əks etdirən bir sıra müxtəlif mesajlı plakatlarla Kaunas şəhərinin mərkəzi Laisves (Azadlıq) prospektində dinc etiraz şüarlarını səsləndirmişlər. Bununla yanaşı, xiyaban boyu Xocalı faciəsi qəddarlığını əks etdirən ingilis və Litva dillərində foto və posterlər sərgilənmişdir. Sərgiyə maraq göstərən və informasiya əldə etmək istəyən yerli əhaliyə, həmçinin əcnəbi tələbələrə Litva və ingilis dillərində bukletlər paylanmışdır.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Vİlnüs