Litvanın ölkəmizdəki səfiri Rostropoviçlərin ev-muzeyində olub
Bakı, 27 noyabr, AZƏRTAC
Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin qonağı olub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, muzeyin böyük elmi-işçisi Səbinə Qurbanova qonaqlara muzey haqqında ətraflı məlumat verib.
Qonaqlar muzeyin zəngin ekspozisiyası, Rostropoviçlər ailəsinin şəxsi əşyaları, nadir eksponatlar ilə tanış olublar. Dahi violençel ifaçısı, dirijor, dünya vətəndaşı M.Rostropoviçin həyat və yaradıcılığı, onun musiqi dünyasındakı əvəzsiz xidmətləri və dünya mədəniyyətinə verdiyi töhfələrdən söhbət açılıb.
Səfir muzeyin fondunda qorunan, M.Rostropoviç və Litva Respublikasına aid diplom, buklet, proqram, dəvətnamə, CD disklərdən təşkil olunmuş sərgi ilə tanış olub.
Qeyd olunub ki, maestro Litvaya qarşı böyük simpatiya bəsləyib. Müsahibələrinin birində Litva ilə bağlı hər şeyin ona əziz olduğunu söyləyib.
Daha sonra tərəflər gələcəkdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb, birgə layihələr təşkil etməyi müzakirə ediblər. Bildirilib ki, səfirin muzeyə ziyarəti iki ölkə arasında mədəni əlaqələrin dərinliyini göstərir və bu Rostropoviçlər irsinə olan hörmətin əyani ifadəsidir.