Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş ənənəvi anım konserti keçirilib
London, 25 fevral, AZƏRTAC
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş ənənəvi anım konserti olub.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, ölkəmizin və Britaniyanın hökumət, dövlət və ictimaiyyət nümayəndələri, burada yaşayan həmvətənlərimiz və müxtəlif universitetlərdən olan tələbələr iştirak ediblər.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, iştirakçılar “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış köynəkləri nümayiş etdiriblər.
Tədbirdə çıxış edən TEAS-ın direktoru Lionel Zetter Xocalı soyqırımı haqqında məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən L.Zetter problem nəticəsində 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, yüzlərlə insanın amansızcasına qətlə yetirildiyini diqqətə çatdırıb. Ədalətin tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu vurğulayıb.
Anım konsertində azərbaycanlı skripkaçılar Səbinə Rakçeyeva, Nəzrin Rəşidova, Arslan Növrəsli (tar) və “FeMusa” ansamblının ifasında Fikrət Əmirovun, Qara Qarayevin, Azər Rzayevin, Vasif Adgözəlovun, Antonio Vivaldinin, Paul Levisin, Pyer Silloyun, Karl Jenkinsin və Qabriel Faurenin repertuarından Qərb və Azərbaycan klassik musiqiləri səsləndirilib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London