Londondakı “Acapella Academy” incəsənət mərkəzinin fəaliyyəti genişlənir
Bakı, 28 noyabr, AZƏRTAC
Londonda Azərbaycanın qədim və zəngin musiqi mədəniyyətini təbliğ edən, onun incəliklərini həm yerli əhaliyə, həm də soydaşlarımıza öyrədən “Acapella Academy” adlı incəsənət mərkəzi fəaliyyət göstərir. Mərkəzin təsisçiləri azərbaycanlı musiqiçilər Səadət və Rasim Fərziyevlərdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mərkəzin fəaliyyəti ilə yaxından tanışlıq və gələcək əməkdaşlıq planlarının müzakirəsi üçün Qurumun şöbə müdiri Səlhət Abbasova “Acapella Academy”də olub.
Görüş zamanı mərkəzdə musiqi nəzəriyyəsi, müxtəlif alətlərdə ifa, vokal, balet, müasir rəqs, rəsm və şahmat dərslərinin keçirildiyi qeyd olunub. Həmçinin gələcəkdə kamança dərslərinin və Azərbaycan rəqslərinin tədrisinin təşkilinin də planlaşdırıldığı barədə məlumat verilib. Mərkəzin hər yaşdan olanlara inklüziv mühitdə özünüinkişaf və yaradıcılıq imkanı yaratdığı diqqətə çatdırılıb. Mərkəzin idarəçiliyinin və fəaliyyət prinsiplərinin gələcək nəsillərə düzgün şəkildə ötürülərək qorunacağı bildirilib.
Şöbə müdiri xaricdə yaşayan soydaşlarımızın mədəniyyət və incəsənət sahəsindəki fəaliyyətinin təqdir edildiyini söyləyib, komitənin diaspor nümayəndələri ilə əlaqələrin möhkəmləndirilməsinə və peşəkar şəbəkələşmənin genişləndirilməsinə daim dəstək göstərdiyini vurğulayıb.
“Acapella Academy” ilə birgə layihələr üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb və mərkəzə komitə adından milli suvenirlər hədiyyə edilib.
Qeyd edək ki, kamança, skripka ifaçısı Rasim Fərziyev və sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Doğma elin halayları” kitabının müəllifi, bəstəkar Səadət Fərziyeva, eyni zamanda, Birləşmiş Krallıqdakı “Qarabağ” məktəbində musiqi müəllimidirlər. Onların rəhbərliyi ilə məktəbin şagirdlərindən ibarət xor kollektivi müxtəlif tədbirlərə qatılaraq Azərbaycan dilində mahnılar səsləndirir.