Londonun nüfuzlu qəzeti Azərbaycan turizmindən bəhs edib
London, 23 oktyabr, AZƏRTAC
Londonda nəşr edilən “City AM” qəzetində Azərbaycanda turizmin inkişafı, füsunkar bölgələrimizin gözəlliklərindən bəhs edilən məqalə dərc olunub.
Qəzetin müxbiri Aleks Dudok de Vit ölkəmizi ziyarət etdikdən sonra təəssüratlarını oxucularla bölüşüb. Müəllif qeyd edib ki, Azərbaycanda əcnəbi turistlər üçün hər cür şərait yaradılıb. Müəllif məqaləsinin əvvəlində ölkəmizin coğrafi mövqeyi və sərhədləri haqqında məlumat verib. Daha sonra ziyarət etdiyi bölgələrimiz-Şəki, İsmayıllı, Bakı və başqa şəhər və rayonlarımızdakı gözəlliklər barədə oxucuları məlumatlandırıb.
Azərbaycanın tarixi abidələri, mətbəxi, mədəniyyəti və s. haqqında geniş məlumat verən müəllif Şəki şəhərindəki tarixi sənət əsəri-Şəki Xan Sarayı, Bakıdakı “Atəşgah” məbədinin qədim dövrlərin mədəniyyət inciləri olduğunu vurğulayıb.
Sonda müəllif Azərbaycan xalqının qonaqpərvər və mehribanlığını da xüsusilə qeyd edib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London