LOS ANCELESDƏ AZƏRBAYCANIN MÜSTƏQİLLİK GÜNÜ QEYD OLUNMUŞDUR
Los Ancelesdə akkreditə olunmuş diplomatik korpusun, müxtəlif təşkilatların, şirkətlərin nümayəndələrinin, habelə Los Ancelesdə yaşayan azərbaycanlıların və türklərin iştirak etdikləri tədbirdə Kaliforniya ştatının qubernatoru Arnold Şvartseneggerin, Montana ştatının qubernatoru Brayan Şveytzerin, Nyu Meksika ştatının qubernatoru Bill Riçardsonun, Vaşinqton ştatının qubernatoru xanım Kristin Qrequarın, Los Anceles dairəsi başçısının və Los Anceles şəhərinin merinin təbrik məktubları onların nümayəndələri tərəfindən Azərbaycanın baş konsulu Elin Süleymanova təqdim edilmişdir.
Azərbaycanın Dövlət Müstəqilliyi gününün ABŞ-ın Kaliforniya ştatında ilk dəfə qeyd olunduğunu vurğulayan E.Süleymanov, ölkələrimiz arasında getdikcə inkişaf edən münasibətlərin müttəfiqlik səviyyəsinədək yüksəldiyini demişdir. Baş konsul Azərbaycanın terrorizmlə mübarizədə beynəlxalq koalisiyanın fəal üzvü olduğunu bir daha qonaqların diqqətinə çatdırmış, respublikamızın iqtisadi inkişafı, həyata keçirilən islahatlar, həmçinin Azərbaycanın regionda aparıcı rolu barədə qonaqlara məlumat vermişdir.
Los Ancelesdəki müxtəlif icmaların, o cümlədən yəhudi icmasının aparıcı nümayəndələrinin də qatıldığı tədbirdə E.Süleymanov Kaliforniyada və ABŞ-ın digər qərb ştatlarında yaşayan azərbaycanlıların yerli icmalarla sıx əməkdaşlıq etdiyini və bu addımın Azərbaycanın mədəniyyətinin yüksək səviyyədə təmsil edilməsi üçün ən münasib vasitə olduğunu bildirmişdir.
Sonda müğənni Elnarə Xəlilova, hazırda San Fransiskoda yaşayan Azərbaycanın xalq artisti Çingiz Sadıxov, azərbaycanlılardan ibarət yerli rəqs qrupu və digər Azərbaycan musiqisi ustadları kiçik konsert proqramı ilə çıxış etmişlər.