DÜNYA
Macarıstan ötən il Rusiyadan 5,6 milyard kubmetr qaz alıb
Bakı, 19 yanvar, AZƏRTAC
Macarıstan 2023-cü ildə “Türk axını” boru kəməri vasitəsilə Rusiyadan 5,6 milyard kubmetr qaz alıb.
AZƏRTAC xəbər verir ki, Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyyarto bu barədə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrinin energetika nazirlərinin Afinada keçirilən görüşündə bildirib. Onun sözlərinə görə, 2023-cü ilin sonunda Bolqarıstan Rusiya qazının öz ərazisindən tranziti üçün tarifi artırmağa çalışıb. Sonradan Sofiya qazın tranziti üçün əlavə vergi ideyasından imtina edib və beləliklə, Bolqarıstan vasitəsilə qaz nəqli istiqamətində maneə aradan qalxıb. Ötən il həmin marşrutla Macarıstana 5,6 milyard kubmetr qaz idxal edilib və gündəlik tədarük 18 milyon kubmetrə çatıb.
“Bizim uğurlu əməkdaşlığa ehtiyacımız var. Yaxın gələcəkdə Azərbaycan qazının idxalı da qismən Bolqarıstan vasitəsilə həyata keçiriləcək”, - deyə nazir özünün feysbuk səhifəsində yazıb.
Afinadakı görüşə toxunan Peter Siyyarto orada Cənub-Şərqi və Mərkəzi Avropada enerji əməkdaşlığının gücləndirilməsi istiqamətində addımların müzakirə olunacağını vurğulayıb.
Qeyd edək ki, Macarıstan istehlak etdiyi qazın əsas hissəsini hələ də Rusiyadan alır. Budapeşt 2022-ci ildə “Türk axını” kəməri vasitəsilə 4,8 milyard kubmetr Rusiya qazı idxal etmişdi.