CÜMHURİYYƏT - 100
Macarıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib
Budapeşt, 29 may, AZƏRTAC
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirib. Qəbulda Macarıstanın dövlət və hökumət rəsmləri, macar parlamentinin deputatları, Budapeştdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mətbuat və ictimaiyyət təmsilçiləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Səfir Vilayət Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixi şərait, qısa dövr ərzində həyata keçirdiyi mühüm işlər, Cümhuriyyətin yaşayan və bu gün də davam etdirilən ənənələri haqqında ətraflı danışıb.
Tədbirdə rəsmi qonaq qismində iştirak edən Macarıstan Xarici İşlər və Xarici Ticarət Nazirliyi dövlət katibinin müavini xanım Petra Pana mühüm tarixi hadisə - müsəlman Şərqində ilk Cümhuriyyətin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb, qarşılıqlı dostluğa və strateji əməkdaşlığa əsaslanan Macarıstan-Azərbaycan dostluğunun genişlənməsindən söz açıb.
Səfirliyin macar, ingilis və fransız dillərində nəşr etdiyi “Azərbaycan Paris sülh konfransında” kitabı qəbul iştirakçıları arasında böyük maraq doğurub.
Budapeştdəki Ferent List Musiqi Akademiyasının məzunu, pianoçu Jalə Rəsulova və Vyana Musiqi Akademiyasının məzunu skripkaçı Fərid Fərzəliyev Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış ediblər.
Qəbul iştirakçılarına Azərbaycan milli mətbəxinin də təamlarının olduğu ziyafət verilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt