Macarıstanda keçirilən tədbirdə Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən bəhs edilib
Budapeşt, 27 fevral, AZƏRTAC
Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Səfirliyin foyesində və böyük zalında ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən sərgi açılıb.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra anma mərasimində çıxış edən səfir Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsinin tarixi, azərbaycanlılara qarşı yüz ildən bəri davam edən erməni terroru və onun ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verib.
Səfirliyin müşaviri Qalib Həsənov Xocalı soyqırımına gətirib çıxaran amillər, soyqırımı qurbanları və Azərbaycan xalqına qarşı törədilən erməni vəhşilikləri barədə məlumatların dünya miqyasına çıxarılması istiqamətində görülən işlər, ilbəil daha da geniş vüsət alan “Xocalıya ədalət!” kampaniyası barədə məruzə ilə çıxış edib.
Tanınmış macar tarixçisi, Azərbaycan haqqında bir sıra kitabların müəllifi Barbara Obruşanski Qafqaz regionunda gəlmə olan ermənilərin Azərbaycana qarşı ərazi iddialarını, Xocalıda və Dağlıq Qarabağın digər yerlərində törətdikləri vəhşilikləri XX əsrin ən böyük ədalətsizliklərindən biri kimi qiymətləndirib.
Macarıstan-Azərbaycan dostluq cəmiyyətinin sədri Svetlana Abdullayeva Xocalı soyqırımının, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həqiqi mahiyyətinin macar ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
Macarıstanlı pedaqoq Yozef Farkas etnik macarların Transilvaniyadan qovulması barədə macar şairi Albert Vaşşın (1908-1998) “Qaytarın özümə dağlarımı!” şeirini macar dilində, “Qardaşlıq” Azərbaycan-Macar Cəmiyyətinin sədri Ramiz Əmirli isə həmin şeirin Azərbaycan dilinə tərcüməsini oxuyub.
Ötən əsrin 90-cı illərində bu gün də ölkənin nüfuzlu qəzetlərindən biri sayılan “Nepsava” qəzetində çalışan və 1992-ci ilin mart ayında Xocalı soyqırımının isti izi ilə Bakıya ezam olunan jurnalist Atilla Çarnai həmin günlərdə Ağdamda üzləşdiyi dəhşətlər, insanlığa sığmayan erməni vəhşilikləri barədə xatirələrini bölüşüb.
Sonra Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” silsiləsindən hazırladığı yeni sənədli film nümayiş etdirilib.
Səfir Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə Macarıstanın MTV və Türkiyənin TRT Haber televiziyalarına müsahibə verib.
Anma mərasimində macar ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, macar, türk və azərbaycanlı tələbələr, mətbuatın və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt