Mağazadan və evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 3 sentyabr, AZƏRTAC
Gəncə və Mingəçevir şəhərlərində oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 31-də Gəncə şəhərinin Kəpəz rayonu ərazisindəki mağazaların birindən noutbuk və spirtli içki oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov şəhər baş polis idarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 27-də ərazidəki evlərin birindən iki televizor və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakinləri O.Həmzəyev və A.Əliyev yaxalanıb.
Onlarla bağlı aparılmış tədbirlərlə həmin şəxslərin daha bir mənzildən 200 manat dəyərində dəmir seyfi oğurlamaları da müəyyənləşdirilib.
Faktlarla bağlı təhqiqat aparılır.