“Mahir nişançı” güllə atıcılığı üzrə yarış keçirilib
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir. Xətai rayonunda yerləşən 265 nömrəli tam orta məktəbin atıcılıq tirində paytaxtın bütün rayonlarının iştirakı ilə “Mahir nişançı” güllə atıcılığı üzrə yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışa qatılmış 11 komandanın tərkibi 5 nəfərdən (3 oğlan, 2 qız) ibarət olub.
Tədbir iştirakçıları pnevmatik tüfəngdən 3 sınaq və 5 əsas atış edərək mübarizə aparıblar. Tədbirin münsiflər heyətinin tərkibi hərbi hazırlıq müəllimlərindən ibarət olub.
Nəticələrə görə I yerə Xətai rayon komandası, II yerə Sabunçu rayon komandası, III yerə Qaradağ rayon komandası layiq görülüb.
İlk üç yeri tutan komandalara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və pul mükafatları təqdim edilib.