Malayziya-Azərbaycan parlamentlərarası əməkdaşlığının perspektivləri müzakirə edilib
Kuala Lumpur, 15 fevral, AZƏRTAC
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev bu ölkənin parlamentinin Nümayəndələr Palatasının spikeri Dato` Mohamad Ariff bin Md Yusofla görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir spiker seçilməsi münasibətilə Mohamad Ariff bin Md Yusofu təbrik edib, eyni zamanda, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun salamlarını və təbrikini ona çatdırıb. Azərbaycan-Malayziya parlamentlərarası əlaqələrinin hazırkı səviyyəsinin böyük məmnunluq doğurduğunu vurğulayan diplomat, parlamentlərarası dostluq qruplarının bu əlaqələrin inkişafında vacib rol oynadığını bildirib. Bu baxımdan yeni çağırış Malayziya parlamentində Azərbaycanla dostluq qrupunun formalaşdırılması üçün səylərin artırılmasını xahiş edib.
2018-ci ildə Azərbaycan və Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğunu qeyd edən Q.Allahverdiyev, ötən dövr ərzində iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmləndiyini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Bundan əlavə, Azərbaycanda son illər həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlardan, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrindən danışan səfir, ölkəmizin artıq mühüm nəqliyyat qovşağına çevrildiyini bildirib. Ölkəmizdə xarici investorlar üçün münbit şəraitin yaradıldığını qeyd edən Q.Allahverdiyev, ötən beş il ərzində Malayziyanın milli neft şirkəti “Petronas”ın Azərbaycandakı uğurlu fəaliyyətini yüksək qiymətləndirib, bu şirkət tərəfindən indiyədək ölkəmizin enerji sektoruna 4 milyard ABŞ dollarından çox sərmayə qoyulduğunu vurğulayıb. Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığı, ölkəmizin bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyi bildirilib. O cümlədən 2019-2022-ci illərdə ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi cari ilin oktyabrında bu təşkilatın zirvə toplantısına ev sahibliyi edəcəyini diqqətə çatdıran səfir, zirvə görüşündə Malayziyanın Baş naziri Mahathir Məhəmmədin də iştirak edəcəyinə ümidvar olduğunu deyib.
Səfir Malayziyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Təbriklərə görə minnətdarlığını bildirən spiker, Azərbaycanın Malayziya üçün vacib tərəfdaş olduğunu deyib, ikitərəfli əlaqələrin gündən-günə genişləndiyini vurğulayıb. Spiker Malayziya tərəfindən Azərbaycanla dostluq qrupunun yaradılması məsələsinə qısa müddətdə baxılacağını diqqətə çatdırıb.
Görüşün sonunda Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı” silsiləsindən “Heydər Əliyev” və “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitablarının malay dilində nəşri, həmçinin milli ornamentli Azərbaycan xalçası parlamentin spikerinə təqdim edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur