Maldiv Seçki Komissiyasının üzvü: Azərbaycanda seçki prosesinin gedişindən razı qaldıq
Bakı, 10 fevral, AZƏRTAC
Maldiv Seçki Komissiyası Azərbaycanda keçirilən parlament seçkilərində apardığı müşahidənin nəticələrini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Seçki Komissiyasının üzvü Fuvod Tovfok seçicilərin öz səslərini sərbəst şəkildə istədikləri namizədə verdiklərini bildirib. O deyib ki, Maldiv missiyası Bakıda 9 fərqli ünvanda və ümumilikdə 11 seçki məntəqəsində müşahidələr aparıb. “Biz səslərin sayılması prosesində də iştirak etdik. Ümumilikdə seçki prosesi çox axıcı keçdi. Hava şəraitinə baxmayaraq, seçkilərdə insanların iştirak səviyyəsi kifayət qədər yaxşı idi. Ümumilikdə seçki prosesinin gedişindən razı qaldıq”.
Fuvod Tovfok qeyd edib ki, seçki məntəqələrində səsvermənin gedişini həm yerli, həm də xarici müşahidəçilər izləyirdirlər: “Kənardan heç bir şəxsin seçicilərlə təmas qurmağa çalışmasının şahidi olmadıq. İstər yerli müşahidəçilər, istərsə də komissiya üzvləri seçki prosesinin axıcı olması üçün çalışırdılar. Bizim olduğumuz hər bir seçki məntəqəsində ən azı 1 tərcüməçi var idi. Həmin insanlar bizim qarşı tərəflə ünsiyyət qurmağımıza kömək göstərirdilər. Vətəndaşlar beynəlxalq müşahidəçilərin burada iştirakını yüksək qiymətləndirirdilər və bizi gülərüzlə qarşılayırdılar”.
Maldivli təmsilçi vurğulayıb ki, Azərbaycan MSK seçkilərlə bağlı yüksək təşkilatçılığı və yaxşı hazırlığı ilə seçilir.