Maliyyə icarəsi ilə bağlı yenilik - subicarə və geriyə maliyyə icarəsi mexanizmləri tənzimlənib
Bakı, 22 aprel, AZƏRTAC
“Maliyyə icarəsi haqqında” yeni qanun layihəsində icarəyə verən, icarəçi və satıcı arasında maliyyə icarəsi münasibətlərinin qurulmasının xüsusiyyətləri, maliyyə icarəsi müqaviləsinin forması, tərəflərin hüquq və vəzifələri, tərəflərin öhdəliklərindən irəli gələrək maliyyə icarəsi obyektinə tutma yönəldilməsinin xüsusiyyətləri tənzimlənib.
AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 22-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihədə beynəlxalq təcrübədən də irəli gələrək maliyyə icarəsi ilə bağlı subicarə və geriyə maliyyə icarəsi mexanizmləri tənzimlənib. Belə ki, subicarə çərçivəsində icarəçi icarəyə verənin razılığı ilə icarə obyektini digər şəxsə icarəyə verə biləcək, geriyə maliyyə icarəsində isə icarəçi öz mülkiyyətində olan əmlakı icarəyə verənin mülkiyyətinə verib həmin obyekti icarəyə götürəcək.
Habelə, qanun layihəsində icarəyə verənlər tərəfindən kredit tarixçəsini təşkil edən məlumatları fəaliyyətdə olan ən azı bir kredit bürosuna verilməsi tələbinin təsbit olunması maliyyə bazarlarında informasiya asimmetriyasının aradan qaldırılması ilə borclanma səviyyəsinin düzgün qiymətləndirilməsinə və hər bir icarəçinin borc yükünün müəyyənləşdirilməsinə, habelə kredit bürosunun əhatəlilik dərəcəsinin yüksəldilməsinə və ölkəmizin beynəlxalq reytinqlərdə daha yüksək mövqe tutmasına xidmət edəcək.
Layihəyə əsasən icarəyə verən tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Qanun ilə tənzimlənəcək, habelə icarəyə verən illik maliyyə hesabatını (maliyyə vəziyyətini əks etdirən hesabatları) və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə (qanunda nəzərdə tutulan hallarda) “Mühasibat uçotu haqqında” Qanunun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Mərkəzi Banka təqdim etməlidir. Beləliklə icarəyə verənlərin maliyyə hesabatlığı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq aparılacaq.