Maliyyə Nazirliyinin nümayəndə heyəti Vyanada beynəlxalq seminarda iştirak edib
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti Avstriya Respublikasının Vyana şəhərində keçirilən Dünya Bankının PULSAR 2 (Dövlət Sektoru üzrə Mühasibat Uçotu və Hesabat Proqramı) layihəsi çərçivəsində təşkil olunmuş 12-ci seminarda iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı dövlət sektoruna aid təşkilatların birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübələr, həmçinin hesablama metoduna keçidlə əlaqədar mövcud çətinliklər və onların həlli yolları müzakirə olunub.
Seminarda, eyni zamanda, mühasiblərin peşəkarlıq səviyyəsinin artırılması, onların davamlı təlim proseslərinə cəlb olunması və insan resurslarının inkişafı məsələləri diqqət mərkəzində olub. İştirakçılar, həmçinin süni intellekt texnologiyalarının mühasibat uçotu və maliyyə hesabatlarının aparılmasında tətbiqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
PULSAR 2 layihəsi çərçivəsində keçirilən bu seminar dövlət sektorunda maliyyə idarəçiliyinin təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.