MALİYYƏ NAZİRLİYİNİN VEB-SAYTININ TƏQDİMATI OLMUŞDUR
Məqsədyönlü və kompleks iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdiyini və islahatların uğurla həyata keçirildiyini vurğulayan maliyyə naziri Əvəz Ələkbərov nazirliyin yeni veb-saytının ümumi işə hərtərəfli yardımçı olacağını bildirmişdir.
İnformasiya-kommunikasiya texnologiyalarının respublikamızda geniş tətbiqi baxımından əsas tədbirləri Maliyyə Nazirliyinin həyata keçirdiyini söyləyən nazir, arzu edənlərin, o cümlədən KİV nümayəndələrinin veb-saytda istənilən məlumatı əldə edəcəklərini, elektron poçt vasitəsilə arzu, istək və suallarını birbaşa nazirliyə ünvanlaya biləcəklərini diqqətə çarpdırmışdır.
Azərbaycan və ingilis dillərində olan saytın sonrakı mərhələlərdə daim zənginləşdiriləcəyi, keyfiyyətcə təkmilləşdiriləcəyi və digər bölmələrin əlavə ediləcəyi bildirilmişdir. Saytda nazirliyin Əsasnaməsi, strukturu, yerli orqanları, eləcə də dövlət büdcəsi, dövlət qısamüddətli istiqrazları, xarici dövlət borcu və digər bölmələr yerləşdirilmişdir. Hüquqi və fiziki şəxslər gələcəkdə abunə yolu ilə spesifik xarakterli materialları da əldə edə biləcəklər.
Jurnalisitlərin çoxsaylı suallarına aydınlıq gətirən Ə.Ələkbərov demişdir ki, əhalinin sovet dövründən qalan əmanətlərinin bu ildən başlayaraq qaytarılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. O, müxtəlif qurumlarda aparılan təftişlərin müsbət nəticə verdiyini, bunun təkmilləşdirilməsi istiqamətində ardıcıl iş görüldüyünü bildirmişdir.
Nazir neft gəlirlərinin artması və cari ildə büdcənin 70 faizədək çoxalması nəticəsində yarana biləcək inflyasiyanın qarşısını almaq məqsədi ilə kompleks tədbirlər görüldüyünü də vurğulamışdır.