MAQNİT İMPULSU MİQRENİ MÜALİCƏ EDİR
Müəyyən edilmişdir ki, bu impuls beynin neyronlarında elektrik cərəyanı əmələ gətirir və o, ilk “elektrik qasırğası”nı tammiqyaslı miqrenə çevrilməyə qoymur.
Ohayo Universitetinin bir qrup alimi tərəfindən aparılmış tədqiqatların birində Transkranial maqnit stimulyasiyası (TMS) cihazı ilə müalicə edilmiş xəstələrin üçdə iki hissəsindən çoxu bildirmişdir ki, proseduradan iki saat sonra ya ümumiyyətlə ağrı hiss etməmiş, ya da ağrı orta səviyyədə olmuşdur.
Kaliforniyadakı “Neuralieve” şirkətinin hazırladığı TMS cihazı auranın, miqrenin birinci hissəsinin dayandırılmasına yönəldilmişdir. Sonra başağrılarına gətirib çıxaran beyindəki elektrik aktivliyi həmin mərhələdən başlanır.
Ciddi miqrenlərdən əziyyət çəkənlər şikayətlənirlər ki, ulduzcuqlar, əyri-üyrü xətlər, işıq parıltıları görür, görmə qabiliyyətini itirir, süstləşir, qulaqlarında səs-küy və ya qismən huşsuzlaşma hiss edirlər. Adətən, bu əlamətlərdən sonra intensiv şiddətlənən başağrısı, öyümə və qusma başlanır.
Birləşmiş Krallığın hər səkkiz vətəndaşından biri miqrendən əziyyət çəkir. Burada miqrenlə qadınlar kişilərə nisbətən iki dəfə çox xəstələnirlər. Hesablamalara görə, onların müalicəsi xəzinəyə ildə 1 milyard funt sterlinqə başa gəlir.
Ohayolu nevroloq Yusif Məhəmməd bu cihazın imkanını yüksək qiymətləndirərək bildirmişdir ki, müalicədən sonra xəstələrdə ürəkbulanması halları, səs-küyə və işığa həssaslıq xeyli azalmışdır. Alim demişdir: “Xəstələrin iş qabiliyyəti yaxşılaşmış və əlavə təsirlər qeydə alınmamışdır. Cihazın impulsları ağrı doğurmur. Nəticələr çox ümidvericidir”. Onun sözlərinə görə, 42 alim və mütəxəssisin iştirak etdiyi bu layihədən sonra daha iri tədqiqata başlanacaqdır.
Əvvəllər alimlər hesab edirdilər ki, miqrenlərə səbəb beyindəki qan damarlarının daralmasıdır. Lakin son 10 ildə formalaşdırılmış yeni nəzəriyyəyə görə, miqren neyron elektrik aktivliyi səviyyəsinin yüksəlməsindən əmələ gəlir. Yeni cihaz da məhz bu nəzəriyyə əsasında yaradılmışdır.