Mariana Vasileva: doğma divarlar arasında himnin səslənməsi çox həyəcanlı məqamdır
Bakı, 25 aprel, AZƏRTAC
Bakıda iki gün ərzində keçirilmiş “AGF Junior Trophy” turnirində biz çox emosiyalı, həyəcanlı anlar yaşadıq. Amma ən başlıcası, günün sonunda qazandığımız qələbə bir qədər gözlənilməz oldu. Komandamızın bu uğurlu çıxışına görə çox sevinirəm. Biz medallar qazanmağı qarşımıza məqsəd qoymamışdıq, sadəcə uğurla çıxış etmək lazımdır. Çox şadam ki, buna nail olduq, əla nəticə göstərdik, gözlədiyimizdən də artıq. Ümumiyyətlə, lentlə hərəkətlərdə həmişə bəxtimiz gətirir. Rəmzi haldır ki, “Bakı-2015” Birinci Avropa Oyunlarında olduğu kimi, sonuncu finalda da Arzu Cəlilova lent ilə hərəkətlərdə qalib gəldi. Qızıl medal qazanmaq çox gözəl faktdır.
Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva bu sözləri Bakıda keçirilmiş beynəlxalq “AGF Junior Trophy” turnirinin yekunları barədə AZƏRTAC-a müsahibəsində deyib. Baş məşqçi bildirib ki, həmin turnirdə bizim gimnast qızlar ayrı-ayrı finallarda mükafatların tam dəstini qazanıb və komanda hesabında üçüncü nəticə göstəriblər.
Mariana Vasileva onu da əlavə edib ki, indi gimnast qızlarımızı İspaniyanın Qvadalaxara şəhərində keçiriləcək Avropa çempionatı gözləyir. Həmin çempionatda dörd gimnast qızımızın hamısı - Arzu Cəlilova, Nərminə Səmədova, Yelizaveta Luzan və Dərya Farşbafşəhriyari iştirak edəcək.