İDMAN
Marina Durunda: IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərəcəyimizə inanıram
Bakı, 12 may, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk çıxışımdan razı qaldım. Yarışın birinci günündə komandamızın üç üzvü çıxış etdi. Hər birimizin çıxışının özünəməxsus rəngarəngliyi ilə yadda qaldığını düşünürəm.
Bu sözləri IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika üzrə yarışında milli komandamızı təmsil edən Marina Durunda AZƏRTAC-a müsahibəsində bildirib.
M.Durunda deyib: “Mən sonuncu çıxış etdim. Bu, bir növ bağlanış çıxışı olduğu üçün üzərimdə çox böyük məsuliyyət hiss edirdim. Məncə, öhdəsindən gələ bildim və çıxışım rəngarəng alındı. Bunu tamaşaçıların emosiyalarından da hiss etdim. Finala çıxdığım üçün çox şadam. Mənimlə yanaşı, Jalə Piriyeva da top və halqa üzrə hərəkətlərdə finala vəsiqə qazandı. Ümumiyyətlə, IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərəcəyimizə inanıram”.