Marneuli sakini: Bu gün bir gözümüz ağlasa da, o biri gözümüz gülür
Tbilisi, 27 fevral, AZƏRTAC
“Biz aylarla Xocalıda itkin düşmüş, şəhid olmuş qohumlarımızdan, yaxınlarımızdan xəbər tuta bilmirdik. Ağlamaqdan anamın gözləri tutuldu. Anam ömrünün sonunadək Xocalı həsrəti ilə yaşadı. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edən ərəfədə sevincdən dünyasını dəyişdi”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində əslən Xocalıdan olan və hazırda Gürcüstanın Marneuli rayonunda yaşayan Gülnaz Çıldırlı deyib. Onun sözlərinə görə, Xocalıda ən çox itki verən ailələrdən biri də onlarınkidir. Bu gün də bəzi yaxınlarından xəbər yoxdur.
G.Çıldırlı deyib: “Biz hamımız anam Kətan xanım kimi, Qarabağın, Xocalının azad olunduğu günü gözləyirdik. Bu gün bir gözümüz ağlasa da, o biri gözümüz gülür. Ona görə ki, Qarabağımız, Xocalımız azaddır. Mən bütün ailə üzvlərimiz adından Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevə minnətdarıq. Prezident İlham Əliyev bizim gözümüzü yolda qoymadı, torpaqlarımızı düşmən tapdağından azad etdi, şəhidlərimizin qisasını aldı”.
“Bu gün ən böyük arzum Qarabağa, Xocalıya getməkdir. İnanıram ki, bu arzum həyata keçəcək. Biz o torpaqlara, Xocalıya gedib, anamın dediyi qurbanı kəsəcəyik” – deyə, Gülnaz Çıldırlı vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi