Marneulidə Azərbaycan Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib
Tbilisi, 18 sentyabr, AZƏRTAC
Azərbaycanın Milli Musiqi Günü təkcə ölkəmizdə deyil, xaricdə də silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, sentyabrın 18-də Gürcüstanın Marneuli rayonundakı Marneuli Mədəniyyət Evində Azərbaycan Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir "İnkişaf və Təhsil Mərkəzi", GASU – Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi və SARAL İnkişaf və Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Əvvəlcə Mələk Hümbətova və Mahirə Durmuşova “Sarı gəlin” mahnısını ifa ediblər.
Sonra "İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov tədbiri açaraq Azərbaycan Milli Musiqi Günü münasibətilə iştirakçıları təbrik edib. Bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycan milli musiqisinin zənginliyini və mədəni irsini tanıtmaq, gənclərdə bu dəyərlərə marağı artırmaqdır.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov çıxış edərək səfir Faiq Quliyevin adından iştirakçıları təbrik edib. O bildirib ki, bu gün biz Azərbaycanın mədəni həyatında xüsusi önəm daşıyan iki mühüm tarixi – Milli Musiqi Günü və dahi bəstəkar, böyük ziyalı, görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin doğum gününü qeyd edirik.
Diqqətə çatdırılıb ki, Üzeyir bəy Hacıbəyli yalnız Azərbaycanın deyil, bütövlükdə Şərq musiqisinin tarixində yeni bir səhifə açmış böyük şəxsiyyətdir. Onun yaratdığı əsərlər milli musiqi mədəniyyətimizin zənginliyini, xalqımızın ruhunu, azərbaycançılıq ideyasını ən yüksək səviyyədə təcəssüm etdirir. “Leyli və Məcnun” operası ilə Şərqdə ilk operanın əsasını qoyan Hacıbəyli, Azərbaycanı dünya mədəniyyət xəritəsində xüsusi bir zirvəyə yüksəltdi.
"Bizim borcumuz Üzeyir Hacıbəylinin qoyduğu zəngin irsi qorumaq, yaşatmaq və musiqimizi gələcək nəsillərə daha da zənginləşdirilmiş şəkildə ötürməkdir. Onun adı, əsərləri və idealları hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq”, -deyə diplomat vurğulayıb.
Proqram çərçivəsində milli musiqi və rəqslər təqdim olunub, həmçinin milli musiqi alətlərinin sərgisi təşkil edilib.
Tbilisi