Marneulidə “Zəfər Gününün qəhrəman ruhu güləş xalçasında” adlı turnir təşkil olunub
Tbilisi, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Zəfər Gününün ruhu güləş xalçasında” devizi altında keçirilən turnirin açılışında əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub.
Sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyov, Azərbaycan səfirliyinin müşaviri Kamal Xəlilov, Mərkəzin direktoru Murad Muradov çıxış edərək Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, idmançılara uğurlar arzulayıblar.
Bildirilib ki, bu yarış yalnız idman mübarizəsi deyil, həm də birlik, qürur və zəfər ruhunun təntənəsidir. Gənc idmançılar əzmkarlıq, dözüm və vətənpərvərlik nümayiş etdirərək tamaşaçılara unudulmaz anlar bəxş ediblər.
Turnirin sonunda Qızılhacılı komandası I, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin komandası II, Araflı komandası III yerə çıxıblar.
Sonda qalib komandaların məşqçilərinə və idmançılara medallar, kubok və diplomlar təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi