Masallıda Respublika Günü bayram sevinci ilə qeyd olunub
Masallı, 28 may, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də xalqımızın azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş və sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişəlik həkk olunmuşdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir mayın 28-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş konfransda səsləndirilib.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov rayon sakinlərini Respublika Günü münasibətilə təbrik edərək bildirib ki, XX əsr Azərbaycanın tarixində bir-birini sürətlə əvəz edən və xalqın taleyində həlledici sayılan hadisələrlə zəngin olub. Bu hadisələrin ən yüksək zirvəsi 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir.
Bu il xalqımızın Şərqdə ilk demokratik respublikanın- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini böyük təntənə ilə qeyd etdiyini vurğulayan R.Hüseynov Cümhuriyyətin xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoyduğunu, 1991-ci ildə SSRİ-nin dağılması nəticəsində Azərbaycanın yenidən müstəqilliyə qovuşduğunu diqqətə çatdırıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev xalqımızın XX əsrdə əldə etdiyi ən böyük nailiyyətlərindən biri kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını dövlətçilik tariximizdə parlaq səhifə kimi dəyərləndirib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün uğurla inkişaf etdirilir. Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.
Konfransda Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı məruzəsi dinlənilib.
Məruzə ətrafında müzakirələrdə çıxış edən rayondakı “Dəfinə” liseyinin müəllimi, tarix elmləri namizədi, “Tərəqqi” medallı Mürüvvət Abbasov, Əməkdar Mədəniyyət İşçisi, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Aprel döyüşlərinin iştirakçısı, Qodman kənd ərazi icra nümayəndəsi Əziz Cahangirzadə, Masallı Dövlət Regional Kollecinin direktoru, “Tərəqqi” medallı Vidadi Nəzərov Azərbaycan Xalq Cümhuriyyətinin xalqımıza irs qoyduğu dövlətçilik ənənələrindən, Müstəqil Azərbaycan Respublikasının həyatımızın bütün sahələrində qazandığı uğurlardan danışıblar.
Bayram tədbiri Heydər Əliyev Parkında konsert proqramı ilə davam edib.