Masallıda “Şahin” hərbi idman oyunları üzrə qaliblər mükafatlandırılıb
Masallı, 6 aprel, İlkin Adıyev, AZƏRTAC
Masallıda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan açılış mərasimində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Yarışdan öncə çıxış edənlər “Şahin” hərbi-idman oyununun keçirilməsinin əsas məqsədi haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqətin artırılmasında, məktəblilərin hərbi idman oyunlarına cəlb edilməsində, onların orduda xidmətə hazırlanmasında və vətənə məhəbbət ruhunda tərbiyə olunmasında belə yarışlar çox önəmlidir.
Daha sonra rayonun tam orta ümumtəhsil məktəbinin komandaları arasında yarışa start verilib. Hərbi-idman oyununda məktəblilərin sıra, intellektual müsabiqə, mülki müdafiə, fiziki hazırlıqları, maneələrin dəf olunması və komanda qərargahı çadırının qurulması üzrə bacarıqları yoxlanılıb.
Yekun nəticələrə əsasən, S.Tağıyev adına şəhər 4 nömrəli tam orta məktəbin komandası birinci, Öncəqala kənd Ə.Məmmədov adına tam orta məktəbin komandası ikinci, Miyənkü kənd N.Aslanov adına tam orta məktəbinin komandası üçüncü yerə layiq görülüblər.
Yarışda qalib gələn komandalar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfində diplomla mükafatlandırılıblar.