Masallıda tədbir: Aprel döyüşləri - böyük Zəfərin başlanğıcı
Masallı, 3 aprel, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla rayonun Musaküçə kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə “Aprel döyüşləri-böyük Zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qarabağın azadlığı uğrunda canını qurban vermiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirib ki, Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 5 il ötür. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu.
Qeyd olunub ki, Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi.
Diqqətə çatdırılıb ki, bu gün hər bir azərbaycanlı beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur hissi keçirir.
Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadənin mövzuyla bağlı məruzəsi dinlənilib.
Daha sonra Aprel döyüşlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda məktəblilər mərkəzin ekspozisiya sərgi zalında ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və şəkillərlə tanış olublar.