Məcburi köçkünlər Böyük Qayıdış gününü səbirsizliklə gözləyirlər
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Vətən müharibəsi nəticəsində BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun həll edə bilmədiyi Qarabağ münaqişəsinə birdəfəlik son qoyaraq, öz ərazi bütövlüyünü təmin etdi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əminliklə dediyi “Bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” fikrini Azərbaycan Ordusu 44 gün ərzində reallaşdırdı. Tarixi Qələbəmizdən sonra dövlətimizin başçısı xalqa müraciətində dedi: “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!” İndi ölkəmiz postmüharibə dövrünü yaşayır. Dövlətimizin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq artıq işğaldan azad edilən ərazilərin yenidən qurulması prosesinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.
S.Xasayeva vurğulayıb ki, Vətən müharibəsi başlayanda hamı bir nəfər kimi səfərbər oldu, minlərlə gənc səfərbərlik və hərbi xidmətə çağırış üçün müraciət etdi. Vətən müharibəsi hamını birləşdirdi, döyüş adamına çevirdi. Səngərdən uzaqda olanlar qəlbən döyüşənlərin yanında idilər. Xalq döyüşən Orduya hərtərəfli yardım göstərməyə can atırdı. Bu, bizim gücümüzdür, həmrəyliyimizdir, xalq-iqtidar birliyinin təcəssümüdür.
Deputat qeyd edib ki, Azərbaycan Ordusu düşmənin müqavimətini qırdı, müdafiə sədlərini darmadağın etdi. Azərbaycan Ordusunun gücü, qüdrəti döyüşlərin taleyini həll etdi. Müdafiə imkanları zəifləyən düşmən mövqelərini qoyub qaçırdı. Suqovuşan, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan işğaldan azad edildi. Rayonlarımızın bir-birinin ardınca azad edilməsi xalqın Müzəffər Ali Baş Komandana olan inamını daha da artırdı. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı.
Səbinə Xasayeva deyib: “Füzuli rayonundan olan ana doğma ocağına qayıdan günü evinin divarlarının uçulduğunu görəndə göz yaşları içində boğulsa da, hıçqırıqlar içində: “Uçulan yenidən tikiləcək, sönən ocaqlar yenidən yandırılacaq. Torpağıma qayıtmışam. İndən belə ölsəm də dərdim yoxdur...” dedi. Vətən müharibəsindən əvvəl də, Zəfərdən sonra da yüzlərlə məcburi köçkün ana ilə söhbətləşmişəm. Döyüşlərdən əvvəl hər söhbətimizdə doğma yurda sədaqətdən danışmışdıq. Qaçqın ana-ların ürəyini üzən sıxıntıları mən də onlarla birlikdə yaşamışam. Zəfər sevincini Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna minnətdarlıq hissi ilə yaşadıq. Həmin anaların yurd sevgisini özündə əks etdirən “Nə qədər ki, nəfəsim var, Prezidentimə də minnətdar olacağam, əsgərlərimizə də. Biz məcburi köçkünləri gor əzabından onlar qurtardılar...” sözləri insanlarımızın dövlətimizə, onun rəhbərinə sonsuz minnətdarlığını ifadə edir. Məcburi köçkünlər Böyük Qayıdış gününü səbirsizliklə gözləyirlər. Tezliklə işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur yenidən qurulacaq və uzun müddətdir yurd həsrəti ilə yaşayan insanlar öz evlərinə qayıdacaqlar”.