Mədəniyyət Mərkəzinin əməkdaşları Novruzla bağlı telemarafonda iştirak ediblər
Daşkənd, 3 aprel, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları “Mədəniyyət və Mərifət” televiziya kanalında Novruzla bağlı keçirilən telemarafonda iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərkəzin əməkdaşları Şəhla Qasımova və Kifayət Pirməmmədova Azərbaycanda Novruz ənənələri, bayrama qədər olan od, torpaq, hava və su çərşənbələri haqqında söhbət açıblar.
Şəhla Qasımova Novruzun tarixi haqqında danışıb, bu bayramın Özbəkistanda yaşayan bir çox xalqın bayramı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü, bir sıra digər dövlətlərin dəstəyi ilə 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib.
Deyilib ki, Novruz bayramının yaşı 5 min ildir. Böyük şair və maarifçilər Nizami Gəncəvi, İbn Sina, Rudəki, Sədi, Hafiz və başqaları Novruz bayramının İslamdan xeyli əvvəl qeyd olunduğunu əsərlərində bildiriblər.
Kifayət Pirməmmədova Novruz plovu və şirniyyatları haqqında məlumat verib. Deyilib ki, AMM hər il Novruz günlərində böyük bayram tədbiri keçirir, bu bayrama Daşkənddəki uşaq evlərində tərbiyə alan şagirdlər də dəvət edilir, uşaq evlərinə bayram şirniyyatları göndərilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd